Ombudsman Aparatında könüllü fəaliyyətini başa vuran bir qrup gəncin mükafatlandırılması mərasimi keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı təsisatda könüllü fəaliyyətini başa vuran bir qrup gənclə görüş keçirib.
Görüş zamanı A.Səfixanlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Ombudsman Aparatında uğurla təşkil olunan və gənclərin fəal şəkildə cəlb olunduğu könüllülük proqramı haqqında geniş məlumat verib.
Ölkəmizdə gənclərə yaradılan imkanlardan, onların bilik və bacarıqlarının təkmilləşməsinə töhfə verən dövlət proqramlarından və strategiyalarından bəhs edib. Bildirib ki, təqdirəlayiq haldır ki, təsisatda təşkil olunan könüllülük proqramının məzunları yerli və xarici ölkələrin ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olmuş, dövlət və özəl qurumların işə qəbul üzrə müsabiqələrindən uğurla keçmişlər.
Aparat rəhbəri könüllülərin təsisatda keçdiyi təcrübə nəticəsində öyrəndikləri ilə də maraqlanıb, eyni zamanda, Ombudsmanın təşəbbüsü əsasında göndərildikləri beynəlxalq təlimlərdən söz açıb. Daha sonra gənclərin fikirləri dinlənilib və onlara gələcək fəaliyyətləri ilə bağlı tövsiyələr verilib.
Yekunda “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, könüllü kimi müqavilə öhdəliklərini uğurla başa vuran gənclərə Ombudsman tərəfindən insan hüquq və azadlıqlarının müdafiəsi üzrə könüllülük proqramında fəal iştiraka görə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, könüllülük proqramı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Qərbi Kaspi Universitetində təhsil almış könüllülər təsisatın müxtəlif struktur bölmələrində təcrübə keçib, Ombudsmanın insan hüquqlarının müdafiəsi və təşviqi sahəsindəki fəaliyyəti ilə yaxından tanış olublar.