Mərdəkanda qala içində qala
“Mən turist olsaydım” rubrikasının növbəti ünvanı Mərdəkan qalasıdır.
Bu qala Abşeronun ən qədim tikililərindən biridir. Qala dördkünc formadadır. Abşeronun ən hündür donjonudur. Digər qalalardan fərqli olaraq, donjonlar əsas qala ilə əlaqəsi olmayan divarlarla əhatə olunur. Belə demək mümkünsə, qala içində qala. Qalanın hündürlüyü 22 metr, əhatə divarlarının hündürlüyü 7 metrdir. İstehkam içəridən 5 yarusa bölünür.
Qala XII əsrdə III Böyük Mənuçöhrün oğlu I Axsitan tərəfindən tikilib. Mərdəkan qalası Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılıb.
Bu etibarlı müdafiə tikilisinin yeraltı yolları da var. Qalanın içindəki quyunu görmək mümkün olsa da, təəssüf ki, dərinliyə enməyə şərait yoxdur. Yeraltı yol kiçik Mərdəkan qalasına aparır.