Misirli nazir: Azərbaycan dini tolerantlıq və dinc birgəyaşayış nümunəsidir
Misirlə Azərbaycan arasında qədim tarixi əlaqələr vardır. Ölkələrimiz arasındakı münasibətlər dövlət başçılarının müdrik rəhbərliyi altında daha da inkişaf edir.
Bunu Misirin vəqflər naziri Usamə əl-Əzhəri Azərbaycan diasporunun sədri Seymur Nəsirovla görüşündə deyib.
Nazir Bakıda COP29 çərçivəsində təşkil edilmiş dini liderlər konfransında iştirakını xatırladaraq Azərbaycanda əlaqədar təşkilatlarla qarşılıqlı yaxşı əlaqələrin olduğunu diqqətə çatdırıb. Əlavə edib ki, Azərbaycan müxtəlif məzhəblərin, dinlərin nümayəndələri və xalqlar arasında dini tolerantlıq və dinc birgəyaşayış nümunəsi sayılır.
Usamə əl-Əzhəri Azərbaycana səfərindən yaxşı təəssüratlarla qayıtdığını, müasirliklə qədimliyi özündə birləşdirən Bakı şəhərinin, eləcə də Xankəndi və Şuşa şəhərlərinin gözəlliyinin onu heyran etdiyini qeyd edib.