azturkxeber.az
http://azturkxeber.az

İvan Us: Rusiyanın istəyi Ukraynanı kapitulyasiyaya razı salmaqdır

24-07-2025

İvan Us: Rusiyanın istəyi Ukraynanı kapitulyasiyaya razı salmaqdır

İyulun 23-də bütün dünyanın nəzəri yenə də İstanbula yönəlmişdi. Türkiyənin xarici işlər naziri Hakan Fidanın sədrliyi ilə İstanbulda Rusiya və Ukrayna arasında sülh danışıqlarının üçüncü raundu keçirildi.

Ukrayna nümayəndə heyətinə rəhbərlik edən Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rustem Umerov görüşün nəticəsinə dair açıqlamasında bildirib ki, onlar üçün prioritet liderlər arasında görüşün və uzunmüddətli atəşkəsin əldə edilməsidir. Rusiya tərəfinin də konstruktiv, real yanaşma sərgiləməsi vacib amil hesab olunub. Əhatəli və qeyd-şərtsiz atəşkəs diplomatiyanın əsası kimi qiymətləndirilib. Rusiya tərəfi açıqlamasında ən qısa zamanda azı 1200 əsir hərbçinin qarşılıqlı olaraq dəyişdirilməsi barədə razılıq əldə olunduğunu açıqlayıb. Bəs İstanbul görüşünün üçüncü raundunun nəticələrini məqbul hesab etmək olarmı?

Ukraynalı siyasi ekspert İvan Us AZƏRTAC-a açıqlamasında deyib ki, birinci və ikinci görüşlərdə olduğu kimi, bu dəfə də danışıqlar Amerika Prezidenti Donald Trampa görüntü üçün keçirilib.

“Yəni, heç nə dəyişməyib, tərəflər Trampa göstərmək istəyirlər ki, onlar danışıqlar aparmağa hazırdırlar. Ancaq reallıqda tərəflər danışığa hazır deyil, bunu qeyd etmək olduqca vacibdir. Görüşdə Ukraynanın təklif etdiyi uzunmüddətli atəşkəsin əldə olunması, həmçinin avqustda Zelenski, Putin, Ərdoğan və Trampın iştirakı ilə görüşün keçirilməsi Rusiya tərəfindən rədd edilib. Bu baxımdan birinci və ikinci görüşlərdə olduğu kimi, bu görüşün də nəticəsi olaraq əsirlərin dəyişdirilməsi barədə razılıq əldə edilib. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rustem Umerov 1200 əsirin dəyişdirilməsinə dair ilkin razılığın olduğu barədə açıqlama verib. Əsirlərin dəyişdirilməsinə dair razılıq da vacib nəticədir. Bundan başqa hər hansı razılığın olacağını gözləmirdim”, - deyə İvan Us əlavə edib.

Ekspert hesab edir ki, görüşdə Rusiya tərəfinin istəyi yalnız Ukraynanı kapitulyasiyaya razı salmaq olub.

“Çox güman ki, Rusiya Ukraynadan kapitulyasiyaya razı olmağı istəyib, sözsüz ki, rəsmi Kiyev buna razı olmayıb. Bütün bunlar onu göstərir ki, tərəflər hər hansı nəticənin əldə olunmasına hazır deyillər”, - deyə ukraynalı ekspert vurğulayıb.

Onu da qeyd edək ki, İstanbul görüşündən sonra Rusiya ordusu Ukraynanın bəzi ərazilərinə hava hücumlarını davam etdirib. Əsas hədəf Odessa və Çerkass şəhərləri olub. Onlarla mülki şəxs xəsarət alıb, tarixi, mülki infrastrukturlara ziyan dəyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031