azturkxeber.az
http://azturkxeber.az

IDEF 2025-də Türkiyə istehsalı qabaqcıl müdafiə sənayesi məhsulları nümayiş etdirilir

24-07-2025

İstanbulda keçirilən 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF 2025) uzaqmənzilli hipersəs ballistik raketdən ilk milli hücum kateri modelinə qədər, Türkiyə istehsalı bir çox qabaqcıl müdafiə sənayesi məhsulu ilk dəfə nümayiş olunur.

Raket, raket başlıqları və sursat texnologiyaları sahəsində Türkiyənin qabaqcıl şirkəti olan “ROKETSAN”ın “IDEF 2025”də təqdim etdiyi altı yeni məhsul ən çox maraq doğuranlar arasında yer alır. Bunların arasında “TAYFUN BLOK-4” hipersəs ballistik raketi böyük maraqla qarşılanıb. Raket 10 metr uzunluğa və 7200 kiloqram kütləyə malikdir.

“ROKETSAN”, həmçinin “ATMACA” raket mühərriki, “GÖKBORA” hava-hava tipli raketi, “EREN” orta mənzilli zondlama raketi, “300 ER” ballistik raket sistemi, eləcə də “Şimşek-2” peyk buraxılış qurğusunu nümayiş etdirir.

IDEF-də diqqət çəkən digər Türkiyə şirkəti “ASELSAN”dır. Şirkət hədəfi yüksək dəqiqlikli təsvirlə aşkarlayıb kateqoriyalaşdırmaq imkanına malik “CENK 350-N” dəniz platformaları üçün radar sistemini təqdim edir. “ASELSAN” eyni zamanda Türkiyənin yeni müdafiə sistemləri arasında yer alan “GÖKSUR VLS Dikey Atım” hava hücumundan müdafiə sistemi, “DERİNGÖZ 100L/300” avtonom sualtı aparatı, “IDENTIFFY SSR 850” identifikasiya sistemini də IDEF-də sərgiləyir.

Türkiyə şirkətlərinin birinci dəfə təqdim etdiyi məhsullar arasında ilk milli hücum kateri də var. Döyüş missiyalarında gözləmə və gizlənmə qabiliyyətinə malik bu kater düşmənin onu aşkarlamasını və tanımasını çətinləşdirir.

Kater, həmçinin məsafədən idarəolunan raketlərlə hücum etmə, ehtiyac olduqda freqat və helikopterlərlə birgə koordinasiyalı hücum həyata keçirmə imkanına malikdir.

Quru texnikası sahəsində məhsullar təqdim edən “BMC” şirkəti də sərgidə, “Zeybek Vasitə Ailəsi” (zirehli tank daşıyıcı, xilasetmə maşını və 5 tonluq taktiki təkərli vasitə), “TURAN” zirehli yük və personal daşıyıcısı və “ALTUĞ 8x8” 105 millimetrlik qülləli döyüş maşını olmaqla 3 yeni hərbi nəqliyyat vasitəsini ilk dəfə nümayiş etdirir. Bundan əlavə, “BMC Power” tərəfindən istehsal olunan 2 yerli mühərrik də şirkətin stendində yer alır.

Türkiyənin müdafiə texnologiyaları sahəsində qabaqcıl şirkətlərindən olan “HAVELSAN”da sərgidə çoxsahəli komanda-nəzarət vasitələri, süni intellekt dəstəyi ilə qərarvermə xüsusiyyətinə malik sistemlər, pilotlu və pilotsuz texnika və hibrid əməliyyat modelləri kimi çoxsaylı məhsul və xidmətlərini nümayiş etdirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031