“Gilabi Ceramics” Xocalıda fəaliyyətə başlayıb
Bakı Abadlıq Xidmətinin Xocalı şəhərində açdığı yaradıcılıq mərkəzlərindən biri artıq fəaliyyətə start verib.
Bakı Abadlıq Xidmətindən bildirilib ki, “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzinin Laçın filialının əməkdaşları Xocalı məktəbliləri üçün master-klas keçiriblər.
Əvvəlcə Xocalının mədəni-tarixi əhəmiyyəti barədə uşaqlara məlumat verilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aslan Xəlilov söyləyib ki, vaxtilə arxeoloji qazıntılar zamanı ərazidə Xocalı-Gədəbəy mədəniyyətinin nadir nümunələri hesab olunan kurqanlar aşkar edilib. Həmin abidələrdən çıxarılan müxtəlif tipli saxsı qablar, silahlar, bəzək əşyaları, tunc əmək alətləri qədim dövrlərdən bu torpaqlarda insanların məskən saldığına, burada böyük sivilizasiyanın olduğuna işarədir. Nəzəri biliklərlə tanış olan iştirakçılara bildirilib ki, tarixin dərin qatlarından gələn sənət növlərini bu gün də yaşatmaq, inkişaf etdirmək lazımdır.
Daha sonra master-klas olub. Uşaqlar böyük həvəslə ilkin yaxma, boyama və cızma işlərini yerinə yetiriblər.
Məktəblilərin yay tətili günlərində vaxtaşırı belə təlimlərin keçilməsi nəzərdə tutulub.
“Gilabi Ceramics” Yaradıcılıq Mərkəzinin rəhbəri Emin Ələkbərovun fikrincə, sənətin sirlərinə yiyələnən uşaqlar arasından əsl peşəkarların yetişəcəyi istisna deyil. Laçın Gilabinin Xocalı xəttini bu uşaqlar davam etdirəcəklər.
Xatırladaq ki, Bakı Abadlıq Xidmətinin “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzi beş il əvvəl Balaxanıda yaradılıb. Daha sonra mərkəzin Ramanada, Laçında filialları açılıb. Fəaliyyətə başlayan Xocalı filialı da özəl mövzuları ilə digərlərindən fərqlənəcək. Xocalıdakı bu mərkəz şəhərə gələn turistlərin, həmçinin sənətə meyilli şəhər sakinlərinin maraqla ziyarət edəcəkləri sənət məkanına çevriləcək.