Fransanın 1961-ci ildə Tunisdə törətdiyi qanlı hadisələrə həsr olunan sənədli film çəkilib
Tədqiqatçı, hüquq müdafiəçisi Olfa Lamlum “Bizerte: ikili cinayət” adlı sənədli film çəkib. O, bu layihəni “unutqanlığa qarşı film” adlandırıb.
Filmdə 1961-ci il iyulun 19-dan 23-dək Tunisin şimalındakı Bizerte şəhərində Fransa və Tunis orduları ilə yanaşı, mülki əhalinin də cəlb olunduğu qanlı toqquşmalardan bəhs edilir. Belə ki, müstəqilliyini 1956-cı ildə əldə edən Tunis Bizertedə yerləşən Fransa hərbi-dəniz bazasını nəzarətinə keçirmək istəyib. Lakin Fransa bu bazanı tərk etmək istəməyib. 1961-ci il iyulun 19-da Fransa ordusu nümayişçilərə atəş açıb. Rəsmi məlumatlara görə, dörd gün davam edən toqquşmalar zamanı Tunisdə 630 nəfər ölüb, 1 555 nəfər yaralanıb. Lakin şahidlərin və tarixçilərin fikrincə, bu göstəricilər daha yüksək olub. Cəsədlər kütləvi məzarlıqlarda basdırılıb.
Olfa Lamlum bildirib ki, bu hadisəyə nə hüquqi, nə də tarixi qiymət verilib. Bu isə hadisənin unutdurulmasına xidmət edir.
Sənədli filmdə əsas obraz qardaşı Fransa əsgərləri tərəfindən öldürülən Mohamed Salah Flissdir. “İyulun 19-da atamla birlikdə nümayişə getmişdik. Qarnizonun qapısını açmağa çalışarkən güllə qardaşımın bağırsağını deşdi. Anamız bu itkini qəbul edə bilmədi və ruhi xəstəliyə tutuldu”, – deyə Fliss fransızlar tərəfindən törədilən faciəni xatırlayıb.
Tədqiqatçı deyib ki, bu film və tədqiqat müstəmləkəçiliyin zorakı mahiyyətini üzə çıxarmaq, tarixi ədalətsizliyə qarşı çıxmaq üçün mühüm addımdır. Sənədli filmdə qeyd olunub ki, Tunisdə hərbi dərsliklərdə bu hadisəyə yer verilmir. Hadisə ilə bağlı araşdırma aparmaq üçün Fransa arxivləri isə əlçatan deyil. Bu isə yeni - səssiz müstəmləkəçiliyin davamıdır. Vurğulanıb ki, Bizerte şəhərində baş verən hadisələrə görə həm Fransa, həm də Tunis tarixi və əxlaqi məsuliyyət daşıyır. Bu baxımdan hadisə etiraf olunmalı və öyrənilməlidir.