Azərbaycanlı tələbələr Çində yay düşərgəsində iştirak ediblər
Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun 20 tələbəsi Çində keçirilən “Çin dili körpüsü-2025” yay təhsil-mədəniyyət düşərgəsində iştirak ediblər. Düşərgə Çin Təhsil Nazirliyinin Beynəlxalq Dil Mübadilələri və Əməkdaşlıq Mərkəzi, Huçjou Universiteti və ADU-nun Konfutsi İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.
ADU-dan bildirilib ki, Huçjou Universitetinin müəllimləri tərəfindən keçirilən təlimlərdə tələbələr Çin dili üzrə biliklərini dərinləşdirib, Çinin tarixi, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olublar. Çin dili dərsləri zamanı iştirakçılar dilin leksika və qrammatikasını öyrənib, Çin mədəniyyəti haqqında praktiki şifahi dialoq və monoloqlarda iştirak ediblər.
Düşərgə proqramı çərçivəsində tələbələr Çin rəssamlığı, çay mərasimi, keramika sənəti və bambuk toxuması üzrə ustad dərslərində iştirak edib, ənənəvi Çin baozi, duzlu xəmirdən heykəltaraşlıq, döyüş sənəti və xəttatlıqla bağlı bacarıqlarını sınayıblar. Eyni zamanda, Çin düyünləri, ipək rəngkarlığı üzrə biliklərə yiyələniblər. Onlar üçün müasir Çin filmlərinin nümayişi və ənənəvi kölgə teatrı tamaşaları təşkil olunub.
İştirakçılar Çinin “ipək paytaxtı” kimi tanınan, Tayxu gölü və bambuk meşələri ilə məşhur Xuçjounun tarixi-mədəni abidələrinə ekskursiya ediblər. Onlar qədim Nanxun və Anji kəndlərini, 2000 illik xəttatlıq fırçaları istehsalı ilə tanınan Şanqlyan şəhərini, Longjing çay kəndini, Huçjou şəhərinin ekoloji müəssisələrini, eləcə də Pekindəki Yasaq şəhər, Beyhay parkı, Tyananmen meydanı, Böyük Çin Divarı və Şanxaydakı Vaitan bəndi, “Şərqin mirvarisi” televiziya qülləsini ziyarət ediblər.
ADU tələbələri Azərbaycanın tarixi və mədəniyyətinə həsr olunmuş tədbir keçirərək, Böyük İpək Yolu üzərində yerləşən müasir, tolerant və sürətlə inkişaf edən ölkə kimi Azərbaycan haqqında çinli gənclərə məlumat veriblər. Tədbirdə ənənəvi Azərbaycan rəqsləri və mahnıları da ifa olunub.
Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov çıxışında Azərbaycan və Çin arasında humanitar əməkdaşlığın son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edib. O bildirib ki, bu əməkdaşlıq “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində humanitar mübadilə, siyasi ünsiyyət və mədəniyyətlərarası dialoqun gücləndirilməsinə xidmət edir.