Mirzə Əsgərov Jurnalist, İctimai-siyasi xadim - “91-lər”dən biri
Mirzə Qəhrəman oğlu Əsgərov 1956-cı il iyulun 7-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aza kəndində zəhmətkeş ailədə anadan olmuşdu.
Sovet Ordu sıralarında həqiqi hərbi xidmətini başa vurduqdan sonra o vaxtkı Azərbaycan Dövlət Universiteti, indiki Bakı Dövlət Universitetinə daxil olmuş və ali təhsil almışdı.
Mirzə Əsgərov ali təhsilini başa vurandan sonra Bakı Ali Partiya Məktəbini (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası), Azərbaycan Jurnalistlər Birliyi nəzdində Jurnalist Sənətkarlığı İnstitutunu, Moskvada Mətbuat İşçiləri üçün Ümumittifaq İxtisasartırma Kursunu da bitirmişdi.
İstedadlı və prinsipial şəxsiyyət M.Əsgərovun ilk qələm təcrübələri universitet qəzetində, “Azərbaycan gəncləri”, “Sovet kəndi” və digər qəzetlərdə müntəzəm olaraq dərc edilib.
İmzasını hələ gənc yaşlarından özünü cəmiyyətə tanıtdıran, qısa müddətdə özünə oxucu kütləsi toplayan M.Əsgərov hələ üçüncü kursda oxuyarkən universitetin çoxtirajlı qəzetində ədəbi işçi vəzifəsində çalışıb.
1983-cü ildə Bakı Dərin Dəniz Özülləri Zavodunun “Xəzər-Kaspi” qəzetinə baş redaktor təyin olunur.
İstedadlı qələm sahibi M.Əsgərov bir çox yerli və beynəlxalq yazı müsabiqələrinin qalıbi olub və mükafatlarla təltif edilib.
Qısa həyat yolunda geniş fəaliyyəti AZƏRTAC-dan da keçib.
1987-ci ildən AZƏRTAC-ın Muğan bölgəsi, Naxçıvan Muxtar Respublikası üzrə müxbiri kimi çalışıb.
Ümmummilli Lider Heydər Əliyevin əqidədaşı, məşhur “91-lər”dən - Yeni Azərbaycan Partiyasının qurucularından biri M.Əsgərov 1992-ci ildə Ümummilli Liderin tövsiyyəsi və təklifi əsasında “Real” müstəqil informasiya agentliyini və “Naxçıvan” qəzetini təsis edib.
“Real” müstəqil informasiya agentliyi qısa müddət ərzində İran İslam Respublikasının “İRNA”, Türkiyənin “Anadolu”, Rusiyanın “İTAR-TASS” kimi nüfuzlu agentlikləri ilə sıx əlaqələr yaradaraq informasiya mübadiləsini həyata keçirib.
Ana dili ilə yanaşı, rus və fransız dillərində mükəmməl danışan M.Əsgərovun yüksək səriştəsi-bilik-bacarığı sayəsində ən mürəkkəb və çətin dövrdə dünya mediasının aparıcı simaları - BBC və CNN kimi beynəlxalq media qurumları Naxçıvan haqqında silsilə məqalələr dərc etmişdi.
Vətənpərvər və təəssübkeş ziyalı Mirzə Əsgərov Azərbaycan mətbuatının ən parlaq, peşəkar və cəsarətli jurnalistlərindən biri kimi yaddaşlarda qalıb.
Mətbuat sahəsində xidmətlərinə görə, o, “Həsən bəy Zərdabi”, “Dan Ulduzu”, “Qızıl qələm” mükafatlarına, H.Z.Tağıyev adına “Fəxriyyə” diplomuna layiq görülüb.
Böyük ürəyə malik, nəcib əməlləri ilə yaddaşlarda yaşayan, dəyanətli və sədaqətli insan olan Mirzə Əsgərov 1993-cü ildə qəflətən vəfat etmişdir.
Allah rəhmət eləsin!