Azərbaycan və Rusiya ombudsmenlərinin yazışması
Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova bildirib ki, Azərbaycan Ombudsmenı Səbinə Əliyeva rusiyalıların saxlanılması ilə bağlı müraciətinə dərhal cavab verib və “ədalətin bərpası” üçün bütün zəruri tədbirləri görəcəyinə söz verib. Bu barədə Moskalkova RİA Novosti-yə verdiyi müsahibədə danışıb.
"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, həmkarım Səbinə Əliyevaya müraciət edərək bu məsələ ilə bağlı yoxlama aparmasını və səlahiyyətləri çərçivəsində ədalət və qanunçuluğun bərpası üçün zəruri tədbirlər görməsini xahiş etdim. O isə mənim müraciətimi dərhal qəbul etdiyini və təqdim edilən məlumatların yoxlanılması üçün bütün zəruri tədbirləri görəcəyini bildirdi", – deyə Moskalkova bildirib.
Bundan əvvəl Moskalkova Azərbaycanda rusiyalıların saxlanılması ilə bağlı Səbinə Əliyevaya müraciət ünvanlayaraq saxlanılan şəxslərin hüquqlarının bərpası üçün kömək göstərməsini xahiş etmişdi.
Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycanda İrandan narkotik tranziti və kibercinayətlərdə ittiham olunan Rusiya vətəndaşları saxlanılıb. Həmçinin “Sputnik Azərbaycan” redaksiyasının rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousov da həbs edilib. Onlara qarşı dələduzluq, qanunsuz sahibkarlıq və cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması maddələri ilə ittihamlar irəli sürülüb.