azturkxeber.az
http://azturkxeber.az

“İƏT Həftəsi” çərçivəsində keçirilən ECOWomen Forum uğurla yekunlaşdı

03-07-2025

Laçın şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Qadınlar Forumunun bağlanış mərasimi keçirilib.

Mərasimdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycanın ev sahibliyi ilə keçirilən tədbirdə yüksək səviyyədə iştiraka və fəal müzakirələrə görə təşəkkürünü bildirib.

Komitə sədri vurğulayıb ki, Qadınlar Forumu fərqli mövzularda baş tutan və sektorlararası əməkdaşlığı təşviq edən yeni, faydalı dialoq formatına çevrilməklə, qadınların regional və qlobal inkişaf proseslərində lider rolunun gücləndirilməsi naminə baxışımızın, ortaq iradəmizin formalaşmasına təkan verdi və regional həmrəyliyin parlaq təcəssümü oldu.

B.Muradova çıxışının sonunda Forumun uğurlu keçirilməsinə verdikləri dəstəyə görə beynəlxalq təşkilatlara və onların müvafiq qurumlarına, eləcə də İƏT üzv dövlətlərindən gələn nümayəndələrə təşəkkürünü bildirib. O, burada başlanan dialoqun davam edəcəyinə, həmçinin əməkdaşlığın yeni platformalarda və daha geniş regional təşəbbüslərlə zənginləşəcəyinə əminliyini ifadə edib.

Daha sonra çıxış edən İƏT-in Baş katibi Əsəd Məcid Xan Forumun təşəbbüskarı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və yüksək səviyyədə təşkilatçılığa, xüsusilə səmimi qonaqpərvərliyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

İqtisadi Əməkdaşlıq Təşkilatının yaranma tarixinə nəzər salan Baş katib, İƏT çərçivəsində ilk dəfə keçirilən Qadınlar Forumunun təşkilat üçün mühüm mərhələ olduğunu vurğulayıb.

O, qarşıdakı 10 il üçün qəbul ediləcək İƏT-in fəaliyyət planına Forum iştirakçıları tərəfindən səsləndirilən fikirlərin və təqdim olunan tövsiyələrin həmin sənədin hazırlanmasında yer alacağını bildirib. İƏT rəsmisi qeyd edib ki, qadınların təşəbbüslərə cəlb olunması və onların baxışlarının nəzərə alınması təşkilat daxilində yeni yanaşmaların formalaşmasına da töhfə verəcək.

Yekunda xatirə fotosu çəkdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031