azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavinini qəbul edib

03-07-2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndidə Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib.

Rəşid Meredov Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkmən xalqının Milli Liderinə, Türkmənistan Prezidentinə və qardaş türkmən xalqına çatdırmağı xahiş etdi.

Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini Qarabağda aparılan bərpa və quruculuq işlərinin onda böyük təəssürat yaratdığını deyərək, bu bölgənin təbiətinin gözəlliyinə valeh olduğunu bildirdi.

Görüşdə azərbaycanlılarla türkmənlərin ortaq etnik kökləri, tarix və mədəniyyət bağlantılarına malik iki qardaş xalq olduğu bir daha vurğulandı. Ölkələrimiz arasında energetika, nəqliyyat, mədəniyyət, humanitar, elm, təhsil və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıldı. Xüsusilə Azərbaycanda Türkmənistan Mədəniyyət Günlərinin, Türkmənistanda isə Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi qeyd olundu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031