Rusiyanın Yekaterinburq şəhərində hüquq mühafizə orqanlarının həmyerlilərimizə qarşı törətdikləri vandalizm hüquqa, insanlığa sığmayan bir hərəkətdir
Rusiyanın Yekaterinburq şəhərində hüquq mühafizə orqanlarının həmyerlilərimizə qarşı törətdikləri vandalizm hüquqa, insanlığa sığmayan bir hərəkətdir.
Rusiyada miqrantlara qarşı bu cür qəddar siyasətin bir neçə səbəbi var. Rusiya Ukrayna ilə müharibədə çətin vəziyyətdədir və hər gün cəbhədə yüzlərlə rusiyalı həlak olur. Bu itkilərin yerini Rusiyada yaşayan miqrantlarla doldurmaq istəyirlər.
Digər bir səbəb Rusiya Federasiyasında şovinist qüvvələrin aktivləşməsidir. Ən pisi odur ki, şovinist qüvvələr hakim dairələrdə və qanunverici orqanda yüksək pillələrdə duran şəxslərdir. Rusiya bir ilə yaxındır ki, ölkəmizə qarşı qeyri-dost, bəzi hallarda isə düşmən mövqe sərgiləyir. Qroznı şəhəri üzərində təyyarəmizin vurulmasına Rusiyanın sərgilədiyi qeyri-konstruktiv mövqe, Azərbaycanın Milli Məclisinin deputatının heç bir səbəb göstərilmədən deportasiya olunması, ölkəmizə qarşı təşkil olunmuş kiber hücumlar, bu dəfə də Rusiyada yaşayan həmyerlilərimizin qətlə yetirilməsi və həbs olunması.
Başqa bir səbəb Rusiya öz imperiya siyasətini həyata keçirmək niyyətindədir və öz imperiya missiyasını həyata keçirmək üçün keçmiş post-sovet ölkələri üzərində təzyiqini artırmaq və yenidən nəzarətə götürməyə çalışmasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tam müstəqil siyasət həyata keçirir və ölkəmiz bu gün tək regionda deyil, dünyada sözə, nüfuza sahib bir dövlətdir. Rusiyanın Azərbaycana qarşı yönəlmiş bu siyasəti tamamilə yanlışdır. Ölkəmizə qarşı yürüdülən bu siyasət Rusiyanın özünə böyük mənfi təsir göstərəcək. Güman edirəm ki, Rusiya hakimiyyəti bütün bu olaylara görə bu hadisələri dərindən araşdıracaq və Azərbaycan dövlətindən üzr istəyəcək və günahkarlar hüquqi cəhətdən öz layiqli cəzalarını alacaqlar.
Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor