MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Heydər oğlu Əliyev, XXI əsrin ən önəmli hadisələrindən biri – 44 günlük Vətən müharibəsində xalqına tarixi Zəfəri bəxş edən lider kimi müasir Azərbaycan tarixində əbədi yerini tutmuşdur. Onun qətiyyətli siyasəti, dəmir iradəsi və xalqla bir olan mübarizə ruhu nəticəsində Azərbaycan torpaqlarını 30 illik işğaldan azad etdi.
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2003-cü ildən etibarən hərtərəfli inkişaf yoluna qədəm qoymuşdur. Siyasi sabitlik, iqtisadi tərəqqi, diplomatik müstəvidə güclənən mövqe və ən əsası – güclü ordu quruculuğu bu dövrün əsas xüsusiyyətlərindəndir. İlham Əliyevin orduya verdiyi diqqət və dəstək Vətən müharibəsində qələbənin əsas şərtlərindən biri oldu. Onun “güclü dövlət – güclü ordu” prinsipi dövlət idarəçiliyində əsas strateji xətt kimi qəbul olunmuşdur.
2020-ci ilin sentyabrında başlanan İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının haqq səsinin, ədalətin və ərazi bütövlüyünün bərpa olunması üçün başlanğıc oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev cəbhədəki vəziyyəti tam nəzarətdə saxlayaraq diplomatik arenada da uğurla çıxış etdi. Hərbi əməliyyatlarla yanaşı informasiya müharibəsində də qətiyyətli mövqe nümayiş etdirdi.
44 gün ərzində Azərbaycan Ordusu İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqları – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və daha sonra digər rayonları bir-bir azad etdi. 8 noyabr 2020-ci il tarixində Şuşanın azad olunması xəbəri ilə İlham Əliyev xalqa müraciətində tarixi "Şuşa azaddır!" sözlərini söylədi. Bu sözlər Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı.
Qələbədən sonra İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinə birbaşa rəhbərlik edir. O, “Böyük Qayıdış” proqramı çərçivəsində köç prosesinə start verib və yeni infrastrukturun yaradılmasına böyük diqqət ayırır. Azad edilmiş torpaqlar bu gün sürətlə yenidən qurulur – yollar, hava limanları, məktəblər, xəstəxanalar tikilir.
Bundan əlavə, İlham Əliyev regionda yeni reallıqların formalaşdırılmasına nail olub. Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması, regionda sülhün və əməkdaşlığın möhkəmləndirilməsi onun apardığı siyasətin nəticəsidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyev yalnız hərbi qələbənin deyil, həm də siyasi və diplomatik uğurun simvoludur. O, müasir Azərbaycanın gücünü, iradəsini və milli birliyini təcəssüm etdirir. Onun rəhbərliyi ilə Azərbaycan xalqı bir daha sübut etdi ki, torpaqlar uğrunda canından keçməyə hazır olan xalq məğlubedilməzdir. Bu tarixi Zəfər İlham Əliyevin adını Azərbaycanın şanlı salnaməsinə qızıl hərflərlə yazdı.
Azturkxeber.az saytının təsisçi rəhbəri Sahilə Bayramlı