Radikalların məqsədi insanların psixologiyasına təsir etməkdir- KAMİLƏ ƏLİYEVA
Son dövrlər manipulyasiya ictimaiyyət arasında geniş yayılmış bir ifadəyə çevrilmişdir desək, yanılmarıq. Sosial şəbəkə iştirakçıları da bəzən manipulyasiya alətinə çevrilirlər. Siyasi radikallar, ölkə xaricindəki "vətənpərvər"lər və ölkə daxilində baş vermiş istənilən cinayət hadisəsindən məharətlə istifadə edərək siyasi manipulyasiya yaradır, bu hadisələri siyasi motivlər səviyyəsinə çatdırmağa cəhd edirlər. Radikalların məqsədi insanların psixologiyasına təsir etmək, xüsusən gənclərimizi dövlətə qarşı çevirməkdir. Hər birimizin borcu vətən xainlərinin bu niyyətini ifşa etmək, əsl həqiqətləri olduğu kimi içtimaiyətə çatdırmaqdır.
Bir neçə gün bundan əvvəl İmişlidə baş verən hadisəni də radikallar, "siyasi mühacirlər" manipulyasiya edərək bir qrup gənclərin düşünülməmiş hərəkətlərini siyasi bir hadisəyə çevirməyə cəhd etdilər. Bu cür hadisəyə hər hansı formada siyasi don geyindirmək siyasi əxlaqsızlıqdır. Əlbəttə, İmişli rayonu ərazisində baş vermiş ağır yol nəqliyyat hadisəsi nəticəsində uşaq və yeniyetmənin ölümü hər birimizdə böyük kədər hissi yaratdı. Bu hadisəni yol nəqliyyat hadisəsi müstəvisindən çıxarıb başqa ad vermək xaricdəki Azərbaycan əleyhinə fəaliyyət göstərən qüvvələrin dəyirmanına su tökməkdir. Heç kimə sirr deyil ki, 30 ildir bu qüvvələr bu metoddan istifadə etməklə vətəndaşlarımızı dövlətə qarşı çevirməyə çalışırlar, şübhəsiz ki, ölkə daxilində və xaricindəki vətən xainlərinin vasitəçiliyi ilə. Onların əsas məqsədlərindən biri ölkədəki həmrəyliyi, birliyi pozmaqdır. Bütün bu cəhdlər əbəsdir. Bu gün hər bir vətəndaşımız, xüsusən gənclərimiz öz dövlətinə, xalqına sədaqətlidir və Prezident cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşib. İmişlidə baş verən yol nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanmışdır və günahı olan hər kəs məsuliyyətə cəlb olunacaq. Əlbəttə, bu hadisə zamanı asayişi pozub insanlar arasında çaşqınlıq yaratmaq istəyənlər də qanun qarşısında cavab verəcək.
Kamilə Əliyeva
BDU-nun kafedra müdiri, professor