azturkxeber.az
http://azturkxeber.az

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib 

24-01-2025 Baxılıb: 76

 Yanvarın 24-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Əli Hüseynli yeni sessiyadakı fəaliyyətlərində komitə üzvlərinə müvəffəqiyyətlər arzulayıb. 
Əli Hüseynli ölkə Prezidenti tərəfindən Azərbaycan Respublikasında 2025-ci ilin  “Konstitusiya və Suverenlik İli” elan edildiyini vurğulayıb. O, bu ilin, eyni zamanda, bir sıra əlamətdar hadisələrə - Konstitusiyanın qəbulunun 30 illiyinə, Vətən müharibəsində Qələbənin 5 illiyinə təsadüf etdiyini bildirib. O, komitə üzvlərinin yubiley tədbirlərində yaxından iştirak edəcəklərini, Azərbaycan dövlətçiliyinin inkişafı, müstəqilliyimizin və suverenliyimizin daha da möhkəmləndirilməsi ilə bağlı ictimai-siyasi həyatda fəal olacaqlarını qeyd edib.
Sonra komitə sədri bugünkü iclasın gündəliyində 14 məsələnin, o cümlədən payız sessiyasının hesabatının, yaz sessiyasının iş planının və bəzi qanun layihələrinin olduğunu söyləyib.
Əli Hüseynli 2024-cü ilin payız sessiyası dövründə rəhbərlik etdiyi komitədə görülən işlər barədə hesabata dair məlumatında qeyd edib ki, bu müddətdə komitənin 19 iclası keçirilib, 83 məsələyə baxılıb. Bildirilib ki, sessiya ərzində komitə tərəfindən bir sıra digər qanunvericilik aktları ilə yanaşı, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi, habelə hakimlərin təyinatı ilə bağlı qərar layihələri və “Diplomatik xidmət haqqında” yeni qanun layihəsi də müzakirə olunub və Milli Məclisdə qəbul edilib. Bununla yanaşı, komitə sədri və üzvləri rəhbəri olduqları parlamentlərarası əlaqələr üzrə işçi qrupları ilə bir sıra görüşlər keçiriblər.
Diqqətə çatdırılıb ki, payız sessiyası dövründə vətəndaşlardan, idarə və təşkilatlardan daxil olmuş 97 ərizə və məktub, digər müxtəlif xarakterli sənədlərə, habelə elektron poçt vasitəsilə daxil olmuş məktublara komitədə baxılıb, müraciətlərdə qeyd olunan məsələlərlə bağlı müvafiq tədbirlər görülüb, lazımi izahatlar verilib. Komitə tərəfindən müxtəlif məzmunlu 69 ərizə, müraciət və sənəd nəzərdən keçirilərək, qaldırılan məsələlərin həlli üçün aidiyyəti təşkilatlara göndərilib. 
Sonra komitə sədri 2025-ci ilin yaz sessiyası üçün komitənin iş planına daxil edilən məsələlər barədə danışıb. Qeyd edilib ki, bu sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim ediləcək qanun layihələrinə, o cümlədən qanunlara dəyişiklik edilməsi haqqında qanunvericilik aktlarına baxılacaq. 
Tədbirdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab olunub, 2025-ci ilin yaz sessiyası üçün iş planı təsdiq edilib.
Daha sonra iclasda gündəlikdəki qanun layihələri təqdim edilib.
Komitənin sədri Əli Hüseynli “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi (ikinci oxunuş) ilə bağlı bildirib ki, dəyişiklikdə "qanunsuz miqrantların saxlanılması" sözlərinin "müvafiq icra hakimiyyəti orqanının müvəqqəti yerləşdirmə" sözləri ilə əvəz edilməsi təklif olunur.
Sonra o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumatında bu sənədin  “Dövlət satınalmaları haqqında” yeni Qanunun icrası məqsədilə hazırlandığını qeyd edib. Bildirilib ki, layihədə həm cinayət, həm də inzibati məsuliyyətə səbəb olan dövlət satınalmaları haqqında qanunvericiliyin pozulması halları yeni qanunun tələblərinə uyğun olaraq müəyyən edilir. Dəyişikliyə əsasən, dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə cinayət məsuliyyəti Cinayət Məcəlləsinin 308.2.1-ci – 308.2.3-cü maddələrində nəzərdə tutulan əməllər nəticəsində xeyli miqdarda zərər vurulduqda yaranır. İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən isə dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh, bu pozuntu halları Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Layihədə inzibati məsuliyyətə cəlb etmə müddətinin artırılması da təklif edilir.
İclasda komitə üzvü Kamal Cəfərov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə əlaqədar diqqətə çatdırıb ki, layihə hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə olan inzibati xətalarla bağlı məsuliyyət tədbirlərinin gücləndirilməsi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda xidmət keçən hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması məqsədilə hazırlanıb. Sənəddə İnzibati Xətalar Məcəlləsinin 40-cı fəslində nəzərdə tutulan inzibati xətalara görə müəyyən edilmiş sanksiyaların sərtləşdirilməsi təklif edilir. Məcəllənin 606.3-cü maddəsinin dispozisiyası dəqiqləşdirilərək həmin maddə ilə məsuliyyət yaradan əməllərin siyahısı konkretləşdirilir.
Növbəti məsələ - Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Xidməti və mülki silah haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsindən bəhs edən Əli Hüseynli bildirib ki, Cinayət Məcəlləsinin 228-ci maddəsinə təklif edilən dəyişiklikdə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələri və qurğuları satma həmin Məcəllənin qüvvədə olan 228.1-ci maddəsindən çıxarılaraq, bu əməlin ayrıca kriminallaşdırılması təklif edilir. 
Deputat Kamal Cəfərov İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin mahiyyəti ilə bağlı qeyd edib ki, sənəddə normaların daha aydın və birmənalı ifadə edilməsi məqsədi ilə təklif edilən dəyişikliklər dəqiqləşdirmə və uyğunlaşdırma xarakteri daşıyır. Layihədə İnzibati Xətalar Məcəlləsinin 606.2.1-ci və 606.2.2-ci maddələrinə “müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifələr” ifadəsinin, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna “çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanı” ifadəsinin əlavə edilməsi, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanunun 17.4-cü maddəsində nəzərdə tutulan “hərbi uçot” ifadəsinin dəqiqləşdirilərək “hərbi qeydiyyat” ifadəsi ilə əvəz edilməsi təklif olunur.
Tədbirdə komitə sədri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi barədə məlumat verib. Layihəyə əsasən lisenziyanın və icazənin şərtlərinə riayət olunmasına nəzarətin təkmilləşdirilməsi ilə bağlı dəyişiklikdə lisenziyanın və icazənin şərtlərinə riayət edilməsi sahəsində normativ hüquqi aktlarda nəzərdə tutulan inzibati tədbirlərlə yanaşı, yoxlama və nəzarətdənkənar tədbirlərdən də istifadə ediləcək. Digər bir dəyişiklikdə “Lisenziyalar və icazələr haqqında” Qanunun 27.3-cü maddəsindən irəli gələrək bu maddənin tələblərinin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulur.
Sonra Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində və “Kredit büroları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə əlaqədar bildirib ki, layihədə nisyə mal alqı-satqısı ilə məşğul olan şəxslər tərəfindən “kredit tarixçələrini təşkil edən məlumat”ın kredit bürosuna mütləq qaydada təqdim edilməsi tələbi və həmin hala görə məsuliyyət tədbirləri, o cümlədən İnzibati Xətalar Məcəlləsinin 440.3-cü maddəsi ləğv edilir.
Komitə üzvü Nurlan Həsənov növbəti məsələ - Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihəsinə dair məlumat verib. Nəzərə çatdırılıb ki, Məcəllənin müvafiq maddələrində “gənclərə” sözündən sonra “habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara” sözlərinin əlavə edilməsi, “digər kateqoriyaya aid” sözlərinin “kateqoriyadan olan digər” sözləri ilə əvəz edilməsi nəzərdə tutulur. Bununla yanaşı, Məcəlləyə təklif olunan yeni 51.2-1-ci maddəyə görə, bu Məcəllənin 48.1-ci maddəsində nəzərdə tutulmuş qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlar sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilərlər.
Deputat Kamal Cəfərov daha bir məsələni – Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Sənəddə Məcəlləyə təklif olunan yeni 534-1-cü maddədə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxsin hərbi geyim formasını qanunla nəzərdə tutulmamış hallarda daşımasına görə cərimə nəzərdə tutulur.
Sonra millət vəkili Nurlan Həsənov Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə dair bildirilib ki, Mülkiyyət hüququnun anlayışı və məzmunu ilə bağlı 152-ci maddəyə təklif olunan əlavəyə əsasən, üzərinə həbs qoyulmuş əmlakın qanunla müəyyən edilmiş hallarda və qaydada idarə edilməsi ilə əlaqədar tədbirlər görülə bilər.
Komitənin sədr müavini Elşən Musayev gündəliyin növbəti məsələsini – “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Layihədə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”nin və  “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalının təsviri”nin təsdiq edilməsi məsələləri öz əksini tapıb.
Əsasnaməyə əsasən “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalı ilə media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəli fəaliyyət göstərən və ya media ilə əməkdaşlıqda fərqlənən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.  
Sonra deputat Nurlan Həsənov sonuncu məsələ – Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Texniki təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsindən bəhs edib.  Diqqətə çatdırılıb ki, sənəddə nəzərdə tutulan dəyişikliklər texniki xarakter daşıyır və terminlərin daha aydın və dəqiq olması məqsədi ilə təklif edilir. Qeyd olunub ki, Şəhərsalma və Tikinti Məcəlləsində “təhlükə potensiallı” sözləri - “xüsusi riskli” sözləri ilə əvəz edilir. “Texniki təhlükəsizlik haqqında” Qanunun “Təhlükə potensiallı obyektlər” maddəsi təkmilləşdirilir və yeni redaksiyada verilir. “Lisenziyalar və icazələr haqqında” Qanunda isə “dövlət reyestri” sözlərinin əvvəlinə “vahid” sözünün əlavə edilməsi təklif olunur.
Müzakirələr zamanı komitə üzvü Erkin Qədirli bəzi qeyd və təkliflərini səsləndirib. Komitənin sədri Əli Hüseynli, üzvü Kamal Cəfərov qaldırılan məsələyə münasibət bildiriblər.
İclasda gündəlikdəki qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Tədbirdə komitə üzvləri Əminə Ağazadə, Kamran Bayramov, Fəzail İbrahimli, Mübariz Qurbanlı, Nizami Səfərov və digər rəsmi şəxslər iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031