azturkxeber.az
http://azturkxeber.az

“ASAN xidmət”in “Gələcək üçün bacarıqlar” layihəsinin əhatə dairəsi genişlənir

24-01-2025 Baxılıb: 56

 

24 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində "Demo Day" tədbiri təşkil olunub.

“İnnovasiyalar Mərkəzi”nin “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində baş tutan tədbir Türkiyənin “Bilişim Vadisi” ilə birgə reallaşdırılan 6 aylıq inkubasiya proqramının yekunlarına, eləcə də illik hesabatın təqdimatına həsr olunub.

Tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, elm və təhsil nazirinin müavini İdris İsayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, “Bilişim Vadisi”nin direktoru Erkam Tüzgen, ölkəmizdəki ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.

Öncə rəsmilər startap komandalarının layihələrinin təqdim olunduğu stendlərə baxıblar. Ardınca Dövlət Agentliyi ilə layihəyə yeni qoşulan Azərbaycan Memarlıq və İnşaat Universiteti və Naxçıvan Dövlət Universiteti arasında “Universitetlərdə innovasiya mühitinin formalaşdırılması və inkişaf etdirilməsi sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu imzalanıb. 

Tədbirdə rəsmilərin çıxışları baş tutub və layihə çərçivəsində həyata keçirilmiş işləri əks etdirən videoçarx nümayiş olunub.

10 startap komandasının layihə təqdimatından sonra münsiflər heyətinin qiymətləndirməsi nəticəsində ən yaxşı 5 layihə “Bilişim Vadisi”nin xüsusi mükafatı ilə təltif olunub.

Türkiyənin “Bilişim Vadisi” ilə birgə həyata keçirilən 6 aylıq inkubasiya proqramına ilkin mərhələdə 47 komanda qeydiyyatdan keçib, onlardan 30-u seçilib və 10 komanda proqramda iştirak hüququ qazanıb. Proqram müddətində türkiyəli mütəxəssislər tərəfindən müxtəlif sahələrdə təlimlər təşkil edilib.

2021-ci ilin aprel ayından həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan ixtira sahəsinə yönləndirilməsidir.

Layihə müddətində 12 ali təhsil müəssisəsi ilə əməkdaşlıq həyata keçirilib, 2 mindən çox tələbə tərəfindən 181 startap ideyası təqdim olunub. Universitetlərdə hazırlanmış 130-dan çox mentorun dəstəyi ilə 98 startap komandası formalaşdırılıb. İnkubasiya proqramlarının yekunu olaraq 19 startap komandası layihələrini təqdim edib və münsiflər heyəti tərəfindən qiymətləndirilmə nəticəsində 3 komanda mükafatlandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031