İtaliyada dəmir yolu işçiləri tətil edirlər
İtaliyada dəmir yolu nəqliyyatında milli tətil elan olunub.
Bu sahədə fəaliyyət göstərən həmkarlar ittifaqlarının qərarı ilə dəmir yolu işçiləri birgünlük tətil ediblər.
Tətil paytaxt Romada, eləcə də digər böyük şəhərlərdə dəmir yolu nəqliyyatının hərəkətinə mənfi təsir göstərib. Bəzi şəhərlərarası və regional qatarlar ləğv edilib, uzunmüddətli gecikmələr qeydə alınıb. Böyük şəhərlərdə mərkəzi qatar stansiyalarında sərnişin sıxlığı yaranıb, bu, sərnişinlər arasında narahatlıq və təşvişə səbəb olub.
İtaliyanın “Trenitalia” şirkəti tətil səbəbindən şəhərlərarası, regional qatarların tam və qismən ləğv olunduğunu açıqlayıb. Sərnişinlərə səfərlərin vaxtını dəyişdirmək və stansiyalara getməzdən əvvəl məlumatları dəqiqləşdirmək tövsiyə edilib.