Qusarda yerləşən İntizam xarakterli hərbi hissəyə başçəkmə həyata keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Ombudsman Aparatının əməkdaşları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Qusar rayonunda yerləşən İntizam xarakterli hərbi hissəsinə başçəkmə həyata keçirilib.
AzTurkxeber.az xəbər verir ki, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası”nın Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd bu hərbi hissədə saxlanma şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin daxili intizam qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin edilməsi vəziyyətinin araşdırılması olub.
Başçəkmə zamanı hərbi hissənin karantin yerinə, həbs otağına, anbarına, qısa və uzunmüddətli görüş otağına, mətbəxinə və yeməkxanasına baxış keçirilib, bir sıra nöqsanlar aşkar edilib.
Başçəkmə zamanı, həmçinin cəza çəkən hərbi qulluqçular konfidensial qaydada qəbul edilib, onlara hüquq və vəzifələri və Ombudsmanın səlahiyyətləri izah olunub.
Ombudsman Aparatının əməkdaşları tərəfindən hərbi hissənin rəhbərliyinə Ombudsmanın “916” Çağrı Mərkəzi barədə məlumatları özündə əks etdirən lövhələr təqdim edilib və həmin lövhələr operativ qaydada hərbi hissənin görünüşü aydın olan yerlərinə yerləşdirilib.
Yekunda hərbi hissənin rəhbərliyi ilə milli və beynəlxalq qanunvericilik əsasında hüquqi maarifləndirici söhbət aparılıb, aşkar edilən çatışmazlıqlar diqqətə çatdırılmaqla onların aradan qaldırılması istiqamətində, həmçinin saxlanma şəraitinin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.