Bu gün Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən, Azərbaycan Respublikası Hökuməti adından Suriyada əziyyət çəkən əhaliyə humanitar yardım göndərilir. Bu konvoy, ümumilikdə, 200 tona yaxın qida və ərzaq məhsullarından ibarətdir. Konvoyun Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Çobanbəy keçid məntəqəsindən Suriyaya, İdlib şəhərinə getməsi planlaşdırılıb ki, buradan da tədarük olunan yardım Türkiyənin AFAD təşkilatı vasitəsilə Suriyanın ehtiyacı olan əhalisinə ayrılacaq.
Bu sözləri jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib.
O qeyd edib ki, bundan başqa hazırda Azərbaycan Respublikası xarici işlər nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada səfərdədir və keçid hökumətinin xarici işlər naziri ilə müvafiq görüş keçirib.
"Qeyd edək ki, 2012-ci ildən etibarən Suriyada Azərbaycan Respublikasının səfirliyi fəaliyyət göstərmir və səfirliyin fəaliyyətinin bərpası məsələləri də bu görüşlərin müzakirə mövzusu olub. Əsəd rejiminin çöküşündən sonra Azərbaycan Suriyanın istiqrarının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görmək niyyətindədir. Bu məsələlər eyni zamanda qardaş Türkiyə Respublikası ilə birlikdə əlaqələndirilir və bu istiqamətdə tədbirlərimiz davam etdiriləcək",- deyə A.Hacızadə əlavə edib.