BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) insan alverinə dair hesabatında qeyd edib ki, insan alveri 2022-ci ildə COVID-19 epidemiyasından əvvəlki ilə müqayisədə 25 faiz artıb.
Mərkəzi ofisi Avstriyanın paytaxtı Vyanada yerləşən UNODC-nin hazırladığı “2024 Qlobal İnsan Alveri” hesabatı ictimaiyyətlə paylaşılıb.Hesabatda uşaqların və böyüklərin məcburi əmək və cinayətə cəlb edilməsi məqsədi ilə insan alverində ciddi artım olduğu, insanların xüsusilə yoxsulluq, münaqişələr və iqlim şəraiti səbəbindən insan alveri şəbəkəsinə düşmə ehtimalının daha yüksək olduğu vurğulanıb.
Qlobal miqyasda insan alverçilərinin qurbanı olma nisbətinin epidemiyadan əvvəlki ilə müqayisədə 2022-ci ildə yüzdə 25 artdığına diqqət çəkən hesabatda, xüsusilə 2019-2022-ci illər arasında məcburi əmək üçün qaçırılan şəxslərin nisbətinin 47 faiz olduğu ifadə edilib.
Hesabatda uşaq qurbanlarının nisbətinin 31 faiz artdığı, qızların nisbətinin isə 38 faiz olduğu, inkişaf etmiş ölkələrdə insan alverçilərinin tələsinə düşən uşaqların daha çox istismar edildiyi vurğulanır.
Bildirilib ki, 2022-ci ildə 74 min 785 nəfər insan alveri şəbəkəsinə düşüb, qurbanların 61 faizi qadın və qızlardır. Hesabatda ən çox şikayətlərin Afrika qitəsi ölkələrində yaşandığı, 2009-cu ildən bu yana iki ildən bir dərc edilən hesabatın 156 ölkəni əhatə etdiyi qeyd edilib.