ÖLKƏ İDMANINA AĞIR İTKİ ÜZ VERİB
Uzun illər Azərbaycan idmanının inkişafında böyük xidmətləri olan veteran gimnast Faiq Rəcəbov dünyasını dəyişib.
AzTurkxever.az-ın məlumatına görə,Faiq Əbdül oğlu Rəcəbov 1933-cü il fevralın 19-da Bakı şəhərində anadan olub. Artıq erkən yaşlarında Faiq Rəcəbov gimnastikada uğur qazanmağa başlayıb. O, yeniyetmələr arasında Bakı və Azərbaycan birinciliklərinin, o cümlədən tələbələr arasında keçirilən spartakiadaların çempionu olub. İdman gimnastikası üzrə SSRİ idman ustası olan idmançı Azərbaycanın yığma komandasının üzvü kimi, SSRİ çempionatlarının, SSRİ xalqlarının spartakiadasının iştirakçısı olub.
F. Rəcəbov uzun illər ictimai işlərdə də çalışıb. O, 1980-1990-cı illərdə Azərbaycan Gimnastikası Federasiyasının prezidenti, 1994-1997-ci illərdə Azərbaycanın Milli Olimpiya Komitəsinin baş katibi və Avropa Komitəsinin Texniki Komissiyasının üzvü olub.
Faiq Rəcəbov 2022-ci ildə bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Bədən Tərbiyəsi və İdman xadimi fəxri adı ilə təltif edilib.
2025-ci il yanvarın 3-də Faiq Əbdül oğlu Rəcəbov vəfat edib. Azərbaycan Şahmat Federasiyasının kollektivi mərhumun ailə üzvlərinə, yaxınlarına və doğmalarına dərin hüznlə baş sağlığı verir, onlara səbr diləyir.
Qeyd edək ki, Faiq Rəcəbov Azərbaycanın və dünyanın tanınmış şahmatçısı, üçqat Avropa çempionu, Dünya Kubokunun qalibi Teymur Rəcəbovun babasıdır.
Tanınmış idmançı və səmimi insan Faiq Əbdül oğlu Rəcəbovun xatirəsi onu tanıyanların qəlbində daima yaşayacaqdır.
Allah rəhmət eləsin!