azturkxeber.az
http://azturkxeber.az

“e-müqavilə” altsistemində imzalanan müqavilələrin məbləği 3 milyard manatı ötüb

06-10-2026

“e-müqavilə” altsistemində imzalanan müqavilələrin məbləği 3 milyard manatı ötüb

Bu ilin 9 ayı ərzində “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) “e-müqavilə” altsistemində dövlət satınalmaları üzrə müqavilələrin elektronlaşdırılmasına dair statistik göstəricilərdə yüksək artım qeydə alınıb.

Maliyyə Nazirliyindən Azturkxeber.az-a bildirilib ki, hesabat dövrünün yekunlarına əsasən, sistemdə 7386 satınalma müqaviləsi gücləndirilmiş elektron imza ilə imzalanıb, müqavilələrin ümumi məbləği 3 milyard manatı ötüb. İmzalanmış müqavilələrin ümumi məbləğinin 51,2 faizi işlərin, 34,22 faizi malların, 14,58 faizi isə xidmətlərin satınalınmasının payına düşüb.

Ötən müddət ərzində “e-müqavilə” altsistemindən istifadə miqyası da genişlənib. Hazırda sistemdən 1288 satınalan təşkilat və 2609 təchizatçı istifadə edir.

“e-müqavilə” altsistemi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, satınalma müqavilələrinin elektron formada hazırlanmasını, razılaşdırılmasını və imzalanmasını, bu müqavilələrin sistem üzərindən göndərilməsini və proseslərin vahid platformada izlənilməsini təmin edir.

Hazırda “e-müqavilə” altsistemində elektron müqavilələrin imzalanmasından sonrakı mərhələlərin də rəqəmsallaşdırılması istiqamətində işlər davam etdirilir. Bu çərçivədə müqavilə üzrə malın, işin və ya xidmətin faktiki təhvil verilməsini və qəbul edilməsini təsdiq edən elektron təhvil-təslim aktının RDMİS üzərindən formalaşdırılması, tərəflər arasında elektron qaydada razılaşdırılması və təsdiqlənməsi imkanları yaradılıb. Yeni funksionallıq müqavilənin icra mərhələsinin də vahid rəqəmsal mühitdə izlənilməsinə, sənəd dövriyyəsinin azaldılmasına və icra prosesinə dair məlumatların sistemli şəkildə formalaşdırılmasına imkan verir.

Qeyd edək ki, “e-müqavilə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 yanvar tarixli Fərmanı ilə Əsasnaməsi təsdiq edilmiş “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin altsistemi kimi fəaliyyət göstərir. Bu altsistem cari il aprelin 10-dan istifadəyə verilib və mərhələli şəkildə altsistemin funksional imkanlarının genişləndirilməsi, satınalma müqavilələrinin icra proseslərinin daha geniş şəkildə elektronlaşdırılması və istifadəçilər üçün yeni rəqəmsal xidmətlərin tətbiqi istiqamətində işlər davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031