Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il üçün keçirilmə tarixləri müəyyənləşib


Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci ildə keçiriləcəyi tarixlər müəyyənləşib.
Azturkxeber.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyasına daxil olan yarış 9–13 may tarixlərində təşkil olunacaq və beynəlxalq federasiyanın rəsmi təqvim planına daxil edilib.
Yarışın idman əhəmiyyətini artıran əsas amillərdən biri də onun Los Anceles-2028 Yay Olimpiya Oyunlarına hazırlıq mərhələsinə təsadüf etməsidir. Olimpiya təsnifat prosesində reytinq xallarının əhəmiyyətli rol oynaması səbəbindən Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında yüksək səviyyəli komandaların və idmançıların iştirakı, eləcə də mərhələlərdə daha gərgin və prinsipial mübarizənin müşahidə olunması gözlənilir. Komandalar həm mərhələ və ümumi təsnifat üzrə yüksək nəticə əldə etmək, həm də Olimpiya Oyunlarına gedən yolda öz reytinqlərini gücləndirmək üçün mübarizə aparacaqlar.
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı ölkəmizin idman, turizm və mədəni potensialını nümayiş etdirmək üçün mühüm beynəlxalq platforma olmaqla yanaşı, son illərdə ölkəmizdə, xüsusən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərini dünya ictimaiyyətinə çatdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: