azturkxeber.az
http://azturkxeber.az

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında

05-10-2026

Oktyabrın 5-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, komitənin sədri Əli Hüseynli iclasın gündəliyinə yeddi məsələnin daxil edildiyini söyləyib.

Komitə sədri əvvəlcə "Pulsuz hüquqi yardım haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) barədə məlumat verib. O, ölkəmizdə məhkəmə-hüquq sistemində aparılan islahatların keyfiyyətcə yeni mərhələsində Azərbaycan Prezidenti tərəfindən “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin Milli Məclisə təqdim edildiyini vurğulayıb. Sənədin əhalinin aztəminatlı təbəqələrinin və digər həssas qruplarının hüquqi yardıma əlçatanlığının artırılmasına yönəlmiş mühüm qanunvericilik təşəbbüsü olduğunu bildirib.

Sonra Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin rəisi Elçin Nəsibov məsələ barədə məlumat verib. Diqqətə çatdırılıb ki, qanun layihəsi insan və vətəndaş hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsinin, habelə pulsuz hüquqi yardımdan yararlanmaq hüququna malik şəxslərin keyfiyyətli hüquqi yardımla təmin edilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Layihənin əsas mahiyyəti ehtiyacı olan şəxslərə pulsuz hüquqi yardım xidmətlərinin göstərilməsini sistemli şəkildə təmin etməkdən ibarətdir. Sənədə əsasən, hüquqi yardım iki istiqamət – ilkin və peşəkar hüquqi yardım üzrə göstərilir. İlkin hüquqi yardıma normativ hüquqi aktlar, dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin vəzifələri barədə məlumatlandırma, ərizə, şikayət və digər sənədlərin hazırlanmasına köməyin göstərilməsi aiddir. Peşəkar hüquqi yardım cinayət işlərində, mülki və inzibati mübahisələrdə, habelə digər dövlət orqanlarında şəxsin müdafiə və təmsil olunma hüquqlarını əhatə edir. Qeyd edilib ki, pulsuz hüquqi yardımın təşkili Vəkillər Kollegiyasına həvalə edilir. Habelə, layihəyə əsasən, paraleqallar institutu yaradılır. Bununla yanaşı, sənəddə pro-bono hüquqi xidməti olaraq pulsuz hüquqi yardım göstərilən şəxslərə ictimai fayda naminə ödəniş tələb edilmədən vəkillər tərəfindən ildə 30 saatdan az olmamaqla pulsuz hüquqi yardımın göstərilməsi nəzərdə tutulur.

İclasda Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov çıxış edərək qanun layihəsinin qəbulunun vətəndaşların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsinin daha keyfiyyətli şəkildə təmin olunmasına xidmət edəcəyini deyib. Habelə, Vəkillər Kollegiyası tərəfindən ödənişsiz hüquqi yardım aksiyalarının həyata keçirildiyini və bununla bağlı bəzi statistik məlumatları nəzərə çatdırıb.

Məsələnin müzakirəsi zamanı komitənin üzvü Azay Quliyev bəzi qeyd və təkliflərini səsləndirib.

Sonra komitə sədri Əli Hüseynli Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəllədə, Cəzaların İcrası Məcəlləsində, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında", "Veteranlar haqqında", "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Məişət zorakılığının qarşısının alınması haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Uşaq hüquqları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (birinci oxunuş) məlumat verib. Bildirilib ki, sənəddə “Pulsuz hüquqi yardım haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı sözügedən məcəllə və qanunlarda da müvafiq dəyişikliklər təklif olunub.

İclasda həmçinin Mülki Prosessual Məcəllədə, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəllədə, "Sosial sığorta haqqında", "Tibbi sığorta haqqında", "Məhkəmə ekspertizası fəaliyyəti haqqında", "İnzibati icraat haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Məşğulluq haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb. Komitə sədri Əli Hüseynli layihənin özəl ekspertiza fəaliyyəti ilə bağlı olduğunu qeyd edib.

Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin rəisi Elçin Nəsibov məsələ barədə məlumat verib. Bildirilib ki, məhkəmə ekspertizası fəaliyyətinin elektronlaşdırılması və özəl məhkəmə ekspertlərinin fəaliyyəti ilə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi zərurəti, eyni zamanda ekspertizaların həyata keçirilməsində yaranan çətinliklərlə bağlı boşluqların aradan qaldırılması məqsədilə adı çəkilən qanun layihəsi hazırlanıb.

Layihədə qeyd olunur ki, məhkəmə ekspertiza fəaliyyətinin elektron qaydada həyata keçirilməsi qanunla müəyyən edilmiş tələblərə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə təmin edilir. Bununla yanaşı, qanun layihəsində özəl ekspertlərin statusunun müəyyən edilməsi ilə bağlı bəzi dəyişikliklər təklif olunur. Habelə Özəl Məhkəmə Ekspertləri Palatasının yaradılması nəzərdə tutulur.

Gündəliyin növbəti məsələsi olan Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verən komitə sədri diqqətə çatdırıb ki, sənəddə Məcəllənin “Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə” adlı 306-cı maddəsində nəzərdə tutulmuş əmələ görə də cinayət məsuliyyətinin müəyyən edilməsi təklif edilir.

Daha sonra "Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikası qanununun layihəsinə (ikinci oxunuş) baxılıb. Layihə dövlət qulluğunun hüquqi, təşkilati və maliyyə-iqtisadi əsaslarını vahid kodifikasiya olunmuş normativ hüquqi aktda müəyyən edilməsini nəzərdə tutur. Məcəllə dövlət qulluğunun idarə olunmasını, prinsiplərini, dövlət orqanlarının və dövlət qulluğu vəzifələrinin təsnifatını, dövlət qulluqçularının hüquq və vəzifələrini, qulluq stajını və ixtisas dərəcələrini əhatə edir.

Sonra Vergi Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında", "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) nəzərdən keçirilib.

Sənəddəki dəyişikliklər dövlət orqanlarının xüsusi növündə xidmət keçən şəxslərin pul və maddi təminatı ilə bağlı normaların təkmilləşdirilməsinə, bu sahədə hüquqi müəyyənliyin təmin edilməsinə yönəlib.

Gündəliyin sonuncu məsələsi – Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumatda diqqətə çatdırılıb ki, layihədə hüquqi şəxslərin terrorizmin maliyyələşdirilməsi ilə əlaqəli əməllərə görə məsuliyyətinin hüquqi əsaslarının təkmilləşdirilməsi, maliyyə resurslarının terror fəaliyyətinə yönəldilməsinin qarşısının alınması və belə vəsaitlərə münasibətdə effektiv cinayət hüquqi tədbirlərin tətbiqi üçün zəruri hüquqi imkanların yaradılması nəzərdə tutulur.

Müzakirəyə çıxarılan qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda komitənin sədr müavini Elşən Musayev, üzvləri Əminə Ağazadə, Kamran Bayramov, Kamal Cəfərov, Sabir Hacıyev, Nurlan Həsənov, Mübariz Qurbanlı, Erkin Qədirli, Bəhruz Məhərrəmov, Nizami Səfərov və digər rəsmi şəxslər iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031