Şəhid xanımlarının təhsilinə dəstək proqramı çərçivəsində görüş keçirilib




5 oktyabr 2026-cı il tarixində “Rabitəbank” ASC-nin Baş ofisində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə “Sən tək deyilsən – Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək Proqramı çərçivəsində görüş keçirilib.
Azturkxeber.az xəbər verir ki, görüşdə cari il ərzində ali məktəblərə qəbul olmuş şəhid xanımları və şəhid anaları iştirak ediblər. Tədbir proqram haqqında hazırlanmış filmin nümayişi ilə başlayıb.
Salamlama nitqi ilə çıxış edən Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev layihənin əhəmiyyətini yüksək qiymətləndirib və belə mühüm təşəbbüsün irəli sürülməsinə görə Dövlət Komitəsinə təşəkkürünü bildirib.
ABA prezidenti qadınların və gənc qızların təhsili və inkişafına yönəlmiş müxtəlif layihələrdə iştirak etdiklərini qeyd edərək, şəhid xanımlarının təhsilinə dəstək məqsədi daşıyan bu təşəbbüsün xüsusi mənəvi və sosial əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, Azərbaycan Banklar Assosiasiyası və bank sektorunun üzvləri şəhidlərə, qazilərə və onların ailələrinə həssas münasibət nümayiş etdirən bu kimi təşəbbüsləri bundan sonra da dəstəkləməyə hazırdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova layihənin artıq üçüncü dəfə həyata keçirildiyini qeyd edib. O, proqram çərçivəsində məzunların yetişməsini, iştirakçıların qazandıqları bilik və bacarıqların onların gələcək fəaliyyətinə töhfə verməsini mühüm amil kimi qiymətləndirib.
Komitə sədri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ailələrinə dövlət və cəmiyyət tərəfindən göstərilən diqqət və qayğının əsas vəzifələrdən biri olduğunu bildirib. O, şəhid xanımlarının təhsil imkanlarının genişləndirilməsinin, potensiallarının reallaşdırılmasının və ictimai həyatda fəal iştirakının dəstəklənməsinin vacibliyini vurğulayıb.
Bahar Muradova diqqətə çatdırıb ki, şəhid ailələrinə göstərilən dəstək yalnız maddi və mənəvi yardımla məhdudlaşmamalı, onların özünəinamının və gələcəyə inamının gücləndirilməsini, cəmiyyətə fəal töhfə vermələri üçün imkanların yaradılmasını da əhatə etməlidir.
Komitə sədri növbəti mərhələdə şəhid xanımlarının məzunlar şəbəkəsinin yaradılması, Liderlik Məktəbinin təsis edilməsi, İKT və rəqəmsal bacarıqların inkişafına yönəlmiş proqramların həyata keçirilməsi, eləcə də “Vətənpərvərlik səfirləri” proqramının yaradılmasının nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, müxtəlif sahələrdə təhsil alan və çalışan şəhid xanımlarının gələcəkdə mentor kimi fəaliyyət göstərərək təcrübələrini digər iştirakçılarla bölüşməsi də layihənin əsas istiqamətlərindən olacaq.
Bahar Muradova bildirib ki, hazırkı layihə çərçivəsində 19 şəhid xanımı və 2 şəhid anası olmaqla, ümumilikdə 21 nəfər ali təhsil almaq imkanı əldə edib. O, iştirakçıları təhsil hüquqlarını yenidən reallaşdırmaları münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb.
“Zəfər” təşkilatının rəhbəri Sevinc Alızadə şəhid ailələrinin bir araya gətirilməsi və onların ictimai həyatda fəallığının artırılması istiqamətində həyata keçirilən layihələri yüksək qiymətləndirib. Vətəndaş cəmiyyəti nümayəndələri olaraq qadınların yanında olmağa davam edəcəklərini bildirən Sevinc Alızadə, xüsusilə təhsili uğurla başa vuran qadınların işlə təmin olunmasının vacibliyini vurğulayıb.
Daha sonra proqram iştirakçıları çıxış edərək təəssüratlarını bölüşüblər. Onlar təhsil almağın və bilik-bacarıqlarını inkişaf etdirməyin həm şəxsi inkişafları, həm də övladlarının gələcəyi baxımından əhəmiyyətini qeyd ediblər.
Çıxışlarda şəhid ailələrinə göstərilən dövlət qayğısından, şəhidlərimizin əmanət qoyduğu övladların dövlətin diqqət və qayğısı ilə əhatə olunmasından və onların gələcəyinin əmin əllərdə olmasından danışılıb.
Şəhid xanımları həyat yoldaşlarının Vətən və xalq qarşısında keçdikləri şərəfli yolu layiqincə davam etdirməyi mənəvi məsuliyyət hesab etdiklərini bildiriblər. Qeyd ediblər ki, övladlarını böyüdərkən, həm ana, həm də cəmiyyətin fəal üzvü kimi üzərlərinə düşən vəzifələri yerinə yetirərkən həyat yoldaşlarının xatirəsindən və onların qoyub getdikləri mənəvi irsdən güc alırlar.
İştirakçılar proqramın onlar üçün yeni təhsil və inkişaf imkanları yaratdığını, əldə etdikləri bilik və bacarıqların gələcək fəaliyyətlərinə mühüm töhfə verəcəyini vurğulayıblar. Bildiriblər ki, yaradılan imkanlar onların öz gələcəkləri ilə yanaşı, övladlarının təhsil və inkişafına da müsbət təsir göstərəcək.
Sonda “Sən tək deyilsən – Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək Proqramı çərçivəsində ali məktəblərə qəbul olmuş şəhid xanımlarına və şəhid analarına sertifikat və hədiyyələr təqdim olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: