azturkxeber.az
http://azturkxeber.az

“e-müqavilə” altsistemində satınalma müqavilələri üzrə icra təminatının elektron təqdim edilməsi imkanı yaradılıb

05-10-2026

“Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) “e-müqavilə” altsistemində dövlət satınalma müqavilələri üzrə icra təminatının elektron təqdim edilməsi funksiyası yaradılıb.

Bu barədə Azturkxeber.az-a Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bank ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində yaradılan yeni funksionallıq Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən müvafiq məlumat mübadiləsinin həyata keçirilməsinə və banklar tərəfindən təqdim olunan icra təminatlarının elektron formada əldə edilməsinə imkan yaradır.

Hazırda yeni funksionallığın ölkənin bir sıra kommersiya bankları ilə tətbiqi təmin edilib və banklar tərəfindən verilən icra təminatları praktik olaraq elektron qaydada təqdim olunur.

Bank sektorunun digər iştirakçılarının da müvafiq inteqrasiya prosesinə qoşulması icra təminatlarının daha geniş miqyasda elektronlaşdırılmasına, təchizatçılar üçün bank seçimi imkanlarının artırılmasına və dövlət satınalmalarında elektron müqavilə üzrə tam rəqəmsal xidmət zəncirinin formalaşdırılmasına mühüm töhfə verəcək. Bu məqsədlə Mərkəzi Bank ilə birgə digər bankların da bu prosesə mərhələli şəkildə qoşulmasının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Yeni funksionallığın tətbiqi icra təminatlarının kağız daşıyıcıda təqdim olunmasına ehtiyacın azaldılması, məlumatların doğruluğunun elektron qaydada yoxlanılması, proseslərin sürətləndirilməsi və satınalma iştirakçıları üçün əlavə inzibati yükün azaldılmasına xidmət edir.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 38.2-ci maddəsinə əsasən, qalib təchizatçı satınalma müqaviləsini informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalamaqla yanaşı, qanunvericiliklə tələb olunan hallarda icra təminatını da satınalan təşkilata təqdim etməlidir. Yeni funksionallıq qanunun tələbini həyata keçirməklə yanaşı, dövlət satınalmaları sahəsində rəqəmsallaşmanın genişləndirilməsi və “e- müqavilə” altsistemi üzrə müqavilələrin elektronlaşdırılması prosesinin davamı kimi formalaşdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031