23 Çin Xalq Respublikası vətəndaşı HTP çərçivəsində Azərbaycanda təhsil alacaq

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində 2026–2027-ci tədris ili üzrə 23 Çin Xalq Respublikası vətəndaşı Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
Azturkxeber.az xəbər verir ki, hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində tələbələr Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Slavyan Universitetində magistratura və doktorantura səviyyələrində təhsil alacaqlar.
Təhsil proqramları təhsil, humanitar və sosial elmlər, təbiət elmləri, eləcə də texniki və texnoloji ixtisas istiqamətlərini əhatə edəcək.
Qeyd edək ki, Hökumətlərarası Təqaüd Proqramları ölkələr arasında akademik mobilliyin genişləndirilməsinə, beynəlxalq təhsil və elmi təcrübə imkanlarının artırılmasına, eləcə də ali təhsil sahəsində əməkdaşlığın inkişafına xidmət edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: