azturkxeber.az
http://azturkxeber.az

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə: Zəfərin quruculuq salnaməsi

17-09-2026

Azərbaycanın müasir tarixində elə günlər var ki, onların siyasi və mənəvi əhəmiyyəti yalnız təqvimdəki bir tarixlə məhdudlaşmır. 20 Sentyabr da məhz belə günlərdəndir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri gününün təsis edilməsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının yaratdığı yeni reallıqların daha bir ifadəsidir. Bu tarix, eyni zamanda, üç onillikdən artıq davam edən işğalın, məcburi köçkünlük həyatının və torpaq həsrətinin başa çatmasını, azad edilmiş ərazilərdə yeni həyatın başlanmasını simvolizə edir.

Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təntənəli şəkildə qeyd edilir. Beləliklə, artıq üçüncü ildir qeyd olunan bu əlamətdar gün Azərbaycanın dövlətçilik tarixində xüsusi məna daşıyan hadisələr sırasındadır.

Bu tarixin arxasında 30 ildən artıq davam edən mürəkkəb və məşəqqətli mübarizə, minlərlə şəhidin canı və qanı, xalqın sarsılmaz iradəsi və dövlətin məqsədyönlü siyasəti dayanır.

Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atılan addımlar uzunmüddətli dövlət strategiyasının nəticəsi idi. Bu strategiyanın əsas siyasi hədəflərindən biri işğal altında olan bütün torpaqlarda Azərbaycan Bayrağının ucaldılması idi.

2023-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Dövlət Bayrağını ucaldaraq Azərbaycan xalqına müraciət etməsi bu baxımdan müstəsna tarixi hadisə oldu.

Xankəndinin mərkəzi meydanında Azərbaycan Bayrağının ucaldılması dövlət başçısımızın illər əvvəl qarşıya qoyduğu strateji məqsədin həyata keçirilməsinin nümayişi idi.

Prezident İlham Əliyev həmin gün Xankəndidə çıxışı zamanı qeyd edirdi ki, düz 20 il əvvəl prezident seçilərkən Azərbaycanın ərazi bütövlüyünün qorunması və Dövlət Bayrağının işğal altında olan bütün ərazilərdə qaldırılması ilə bağlı qarşısına məqsəd qoyub. Onun sözləri ilə desək, Azərbaycan xalqının gözlədiyi müqəddəs gün gəlmişdi.

2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilmiş Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi.

Paradın məhz Xankəndidə təşkili xüsusi məna daşıyırdı. 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələni başlayan Vətən müharibəsi 2023-cü ildə suverenliyin tam təmin olunması ilə yeni nəticə ilə tamamlandı.

Prezident İlham Əliyev hərbi paradda çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyünün bərpasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu bir daha vurğuladı. Dövlət başçımızın illər əvvəl söylədiyi “gün gələcək Azərbaycan Bayrağı bütün torpaqlarda qaldırılacaqdır” fikrinin reallığa çevrilməsi Azərbaycanın siyasi tarixində mühüm mərhələ oldu.

Azad edilmiş ərazilərdə dövlət siyasəti yalnız təhlükəsizliyin təmin edilməsi və infrastrukturun bərpası ilə məhdudlaşmır. Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı inkişafın təmin olunması üçün insan kapitalının formalaşdırılması da əsas prioritetlərdəndir.

Bu baxımdan Xankəndidə Qarabağ Universitetinin yaradılması xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin 2023-cü il noyabrın 28-də imzaladığı Sərəncamla Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxsi yaradıldı.

Universitetin yaradılması azad edilmiş ərazilərdə yeni sosial-iqtisadi modelin formalaşdırılmasının mühüm elementlərindən biridir. Regionun iqtisadi potensialının üzə çıxarılması, bərpa-quruculuq prosesinin davam etdirilməsi və əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı kadrların hazırlanması Qarabağ Universitetinin qarşısında mühüm vəzifələr qoyur.

Beləliklə, Xankəndi yalnız Azərbaycanın tarixi şəhərlərindən biri kimi deyil, həm də təhsil, elm və insan kapitalının inkişaf etdiyi müasir şəhər kimi yenidən formalaşır.

Hadrut və Tuğda həyata keçirilən layihələr isə regionun həm yaşayış, həm də turizm potensialının yenidən canlandırılmasına hesablanıb.

Xocalı Soyqırımı Memorialının təməlqoyma mərasiminin keçirilməsi və 2026-cı ildə memorialın açılması tarixi yaddaşın qorunması ilə yanaşı, Xocalının həyatın yenidən canlandığı şəhərə çevrilməsinin də mühüm simvoluna çevrilib.

Ağdərədə isə dövlət siyasəti yaşayış məntəqələrinin bərpası ilə yanaşı, regionun iqtisadi və enerji potensialının hərəkətə gətirilməsini də əhatə edir. Dövlət Bayrağının ucaldılmasından sonra Suqovuşanda yaşayış kompleksinin və məscidin istifadəyə verilməsi, müxtəlif kəndlərdə fərdi evlərin və infrastrukturun bərpası, “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışı və “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanışlıq bu istiqamətdə görülən işlərin miqyasını nümayiş etdirir.

2026-cı ilin əvvəlində Ağdərə şəhərinin Baş planı ilə tanışlıq isə rayonun inkişafının artıq daha uzunmüddətli şəhərsalma perspektivi əsasında həyata keçirildiyini göstərir.

Azad edilmiş ərazilərdə həyata keçirilən proseslər sırasında inzibati idarəetmə sisteminin yenidən qurulması da xüsusi yer tutur.

2023-cü il dekabrın 5-də qəbul edilmiş qanunla Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradıldı.

Bu addım azad edilmiş ərazilərin yeni inkişaf modelinə uyğun idarə olunması baxımından mühüm əhəmiyyət daşıyır. Ağdərənin rayon mərkəzi kimi müəyyənləşdirilməsi burada dövlət idarəçiliyinin, sosial infrastrukturun və iqtisadi fəaliyyətin mərhələli şəkildə bərpasına imkan yaradır.

Azad edilmiş ərazilərdə həyatın bərpasının mühüm göstəricilərindən biri də idman və ictimai həyatın yenidən canlanmasıdır.

2023-cü il dekabrın 21-də Ağdamın “Qarabağ” komandası Azərbaycan Kubokunun 1/8 final mərhələsindəki oyununu Xankəndi şəhərində keçirdi. Prezident İlham Əliyev Xankəndi stadionunda “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən görüşü izlədi.

Bu oyun 30 illik fasilədən sonra Qarabağın işğaldan azad edilmiş hissəsində keçirilən ilk rəsmi futbol qarşılaşması kimi tarixə düşdü.

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi Böyük Qayıdış siyasətinin əsas məqsədlərindən biri doğma torpaqlarından didərgin düşmüş insanların öz yaşayış məntəqələrinə qaytarılmasıdır.

2026-cı il avqustun 17-dək Xankəndi şəhəri və Kərkicahan qəsəbəsində ümumilikdə 119 ailənin, 506 nəfərin məskunlaşması təmin edilib.

Xocalı şəhəri və rayonun kəndlərində isə 1 167 ailə, 4 841 nəfər artıq doğma torpaqlarında yaşayır. Xocalı şəhəri ilə yanaşı, Ballıca, Xanyurdu, Təzəbinə, Şuşakənd, Badara, Seyidbəyli, Daşbulaq və Xanabad yaşayış məntəqələrində də məskunlaşma həyata keçirilib.

Xocavənddə isə Xocavənd şəhəri və digər yaşayış məntəqələri üzrə ümumilikdə 988 ailə, 4 070 nəfər məskunlaşıb.

Xocavənd şəhəri ilə yanaşı, Xocavənd kəndi, Xanoba, Qırmızı Bazar, Sos, Güneyxırman, Quzeyxırman və Hadrutda da yeni həyat qurulur.

Ağdərədə isə Talış, Həsənriz, Suqovuşan, Kolatağ, Vəngli, Heyvalı, Çapar, Aşağı Oratağ və Çıldıran yaşayış məntəqələri üzrə ümumilikdə 917 ailənin, 3 587 nəfərin məskunlaşması təmin edilib.

Bu gün Xankəndidə universitet fəaliyyət göstərir, Xocalı, Xocavənd və Ağdərədə yaşayış məntəqələri bərpa olunur, yeni yollar və infrastruktur yaradılır, ailələr doğma yurdlarına qayıdır. Bir sözlə, Qarabağda müharibədən sonrakı mərhələnin əsas gündəliyini artıq dağıntılar deyil, quruculuq və inkişaf müəyyən edir.

Beləliklə, 20 Sentyabr həm keçmişin qürurla xatırlandığı, həm də gələcəyə inamla baxıldığı bir tarixdir. Bu gün Azərbaycan üçün Zəfərin qeyd olunmasından daha böyük məna daşıyır – Zəfərin sülhə, qayıdışa, quruculuğa və davamlı inkişafa çevrildiyi yeni mərhələnin rəmzidir.

Ziyafət ƏSGƏROV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930