azturkxeber.az
http://azturkxeber.az

Hikmət Hacıyev Türkiyənin İletişim Başkanlığı nümayəndə heyətini qəbul edib – FOTO

14-09-2026

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədr müavini Ferhat Pirinççini və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azturkxeber.az xəbər verir ki, görüş zamanı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duranın Hikmət Hacıyevi Türkiyəyə dəvəti çatdırılıb.

Türkiyə ilə Azərbaycan arasındakı köklü qardaşlıq və strateji müttəfiqlik münasibətləri çərçivəsində kommunikasiya, media və ictimai diplomatiya sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

İki ölkə arasında strateji kommunikasiya sahəsində inkişaf etdirilən institusional əməkdaşlığın əhəmiyyətinin vurğulandığı görüşdə dəyişən qlobal kommunikasiya mühiti, dezinformasiya ilə mübarizə, ictimai diplomatiya fəaliyyəti, eləcə də Türkiyə və Azərbaycanın ortaq məsələlərlə bağlı beynəlxalq ictimaiyyətə yönəlmiş kommunikasiya imkanlarının gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin regional məsələlər, Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunması prosesində strateji kommunikasiyanın əhəmiyyəti diqqətə çatdırılıb.

Türkiyə və Azərbaycan arasındakı güclü həmrəyliyin yalnız ikitərəfli münasibətlər baxımından deyil, regional əməkdaşlıq və sabitlik baxımından da mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Tərəflər Türkiyə-Azərbaycan münasibətlərinin “iki dövlət, bir millət” anlayışı və Şuşa Bəyannaməsi ilə ortaya qoyulan müttəfiqlik ruhuna uyğun olaraq kommunikasiya sahəsində də daha yüksək səviyyəyə çatdırılmasının vacibliyini qeyd ediblər.

Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün də iştirak edib.

Tərəflər iki ölkənin aidiyyəti qurumları arasında təmasların və birgə işlərin davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930