Diplomatlar Qarabağda Azərbaycan reallıqlarının şahidi oldular

Vətən müharibəsindəki tarixi Zəfərimiz, xalqımızın göstərdiyi qəhrəmanlıq, birlik, sözün əsl mənasında dünyanı heyrətə salmışdı. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci ildə Azərbaycan ordusuna əks hücum haqqında əmri, xalqımız tərəfindən böyük sevinclə qarşılandı. Hər bir vətəndaşımız Prezidentimizin ətrafında sıx birləşərək, torpaqlarımızı işğaldan azad etdik və ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik. Qələbəmizdən dərhal sonra Prezident cənab İlham Əliyev işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda quruculuq və yenidənqurma işlərinə başlanmasına göstəriş verdi. Bu məsələdə də xalqımız bütünlüklə Prezidentimizə dəstək verərək səfərbər oldu. 30 il erməni işğalı zamanı talan və viran qoyulmuş şəhər və kəndlərimizin bərpası və yenidənqurması üçün bu torpaqlara axın edildi. Işğaldan azad olunmuş şəhər və kəndlərimiz müasir şəhərsalma modelinə uyğun inşa edilməkdədir. Yeni hava limanları tikilib, istifadəyə verilib, dünya standartlarına cavab verən avtomobil yolları çəkilir, çətin coğrafi relyefə malik olan ərazilərdə tunellər inşa edilir, ən müasir xəstəxanalar, məktəblər, eləcə də öz yurd yerlərinə qayıdan soydaşlarımız rahat və müasir evlər və mənzillərlə təmin olunurlar. Vətəndaşlarımızın məşğulluğunu təmin etmək üçün Sənaye və Aqroparklar yaradılmışdır.
Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin səfirləri və diplomatları Qarabağ və Şərqi Zəngəzura səfərləri zamanı burada aparılan bərpa və yenidənqurma işlərini görəndə heyrətlərini gizlədə bilmirlər. Sentyabrın 11 və 12-də Azərbaycanda fəaliyyət göstərən 58 dövlətin səfir və diplomatları, 9 beynəlxalq təşkilatların, ümumilikdə 150 nəfərdən ibarət nümayəndə heyəti növbəti dəfə Qarabağ və Şərqi Zəngəzura səfər etdilər. Sayca 22-ci dəfə təşkil olunan bu səfərdə qonaqlar işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri ilə yaxından tanış oldular, tarixi, mədəni və dini abidələri ziyarət etdilər. Xarici diplomatlar Ağdərə rayonu ərazisində yerləşən Gəncəsər Monastır Kompleksini və Kəlbəcər rayonunun Vəng kəndindəki Xudavəng Monastır Kompleksində oldular. Diplomatları müşayət edən Prezidentin köməkçisi Hikmət Hacıyev komplekslərin Azərbaycan xalqına, bu torpaqlarda mövcud olmuş Alban dövlətinə məxsus tarixi, dini abidələr olması barədə qonaqlara ətraflı məlumat verdi. İşğal dövründə ermənilər bu abidələri də saxtalaşdırmağa cəhd göstərmişdilər. Sözsüz ki, tarixi sənədlər və daş kitabələr də göstərir ki, bu abidələr azərbaycanlılara məxsus qədim Alban dövləti tərəfindən yaradılmışdır və erməni kilsələrinə heç bir aidiyyəti yoxdur. Ən diqqətçəkən məqamlardan biri də Qarabağ və Şərqi Zəngəzura səfər edənlər arasında Fransa və ABŞ səfir və diplomatlarının da olması idi. Hər zaman ermənilərin işğal siyasətini dəstəkləyən Fransa da artıq Azərbaycan dövlətinin regionda yaratdığı reallığı qəbul edir. Qarabağ və Şərqi Zəngəzura səfər edən səfir və diplomatlar ölkəmizin iqtisadi cəhətdən qüdrətli bir dövlət, Azərbaycan xalqının qurub yaradan, sülhsevər xalq olduğunun bir daha şahidi oldular.
Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: