Elm və təhsil komitəsinin iclasında




Sentyabrın 11-də Milli Məclisin Elm və təhsil komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib.
Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, iclası açan komitə sədri Anar İsgəndərov yeni sessiyada komitənin fəaliyyətinə uğurlar arzulayıb və gündəliyə 2 məsələnin daxil edildiyini bildirib.
Komitə sədri, ilk növbədə, 2026-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində Milli Məclisin Elm və təhsil komitəsinin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, ötən sessiya dövründə komitənin 12 iclası keçirilib, ümumilikdə 16 məsələyə baxılıb.
Qeyd edilib ki, hesabat dövrü ərzində komitə sədri və üzvləri Vətən müharibəsi şəhidlərinin anım günlərinə həsr olunmuş tədbirlərdə iştirak etmiş, ailə üzvləri ilə görüşmüşlər. Bununla yanaşı, komitə sədrinin qəbul günlərində 21 nəfər vətəndaş qəbul edilib, onların müraciətləri dinlənilərək, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımlar atılıb.
Daha sonra Anar İsgəndərov gündəliyin ikinci məsələsi – Elm və təhsil komitəsinin 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsi barədə məlumat verib. O bildirib ki, növbəti sessiyada qanunvericilik təşəbbüsü əsasında təqdim olunmuş qanun layihələrinə baxılacaq. Bununla yanaşı, komitənin səlahiyyət dairəsinə daxil olan mövzular üzrə ictimai dinləmələrin və geniş müzakirələrin təşkili nəzərdə tutulur.
Müzakirələr zamanı komitə sədrinin müavini Fariz İsmayılzadə, üzvləri Bəxtiyar Əliyev, Ceyhun Məmmədov, Əziz Ələkbərov, Sevinc Fətəliyeva, Elçin Mirzəbəyli, Pərvin Kərimzadə, Mehriban Vəliyeva, Elnarə Akimova, Eldar Quliyev, Vasif Qafarov və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək fikir və təkliflərini bildiriblər.
İclasın sonunda ötən sessiyada komitədə görülmüş işlər qənaətbəxş hesab olunub, 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsi təsdiq edilib.
Tədbirdə deputatlar Tamam Cəfərova, Afət Həsənova, Şahin Seyidzadə və digər rəsmi şəxslər iştirak ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: