Ötən gün 30 cinayətin açılması təmin olunub
Avqustun 3-də ölkə ərazisində qeydə alınan 26, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Bu barədə Azturkxeber.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 109, o cümlədən borclu şəxs qismində axtarışda olan 85, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 və dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Eyni zamanda, narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 56,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Yabanı halda bitmiş 10,1 ton çəkidə 5156 çətənə kolu aşkarlanaraq məhv edilib.
Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən olunub. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 patron darağı və 30 ədəd patron aşkar edilərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər də saxlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: