BMU-da tətbiqi fizika üzrə magistr ixtisaslaşması açılıb
Bakı Mühəndislik Universitetində (BMU) 2026-2027-ci tədris ilindən magistratura səviyyəsində “Fizika” ixtisası üzrə “Tətbiqi fizika - yarımkeçiricilər və dielektriklər fizikası” ixtisaslaşması üzrə kadr hazırlığına başlanılacaq.
Universitetdən bildirilib ki, mühəndislik fakültəsində yaradılan yeni ixtisaslaşmanın məqsədi yarımkeçirici və dielektrik materialların fiziki xassələrini dərindən mənimsəyən, onların tədqiqi, layihələndirilməsi və tətbiqi sahəsində müasir bilik və bacarıqlara malik yüksəkixtisaslı mütəxəssislər hazırlamaqdır.
İxtisaslaşma elektronika, mikroelektronika, telekommunikasiya, nanotexnologiya, optoelektronika, müdafiə sənayesi, eləcə də elm və təhsil müəssisələri üçün kadr hazırlığını təmin edəcək. Proqramın məzunları elmi-tədqiqat institutlarında, ali təhsil müəssisələrində, həmçinin yarımkeçirici materialların, elektron və kvantoelektron cihazların, dielektrik sensorların hazırlanması və istismarı ilə məşğul olan müəssisələrdə fəaliyyət göstərə biləcəklər.
Tədris proqramının ilkin mərhələsində magistrantlara yarımkeçirici kristalların yetişdirilməsi, materialların fiziki-kimyəvi analizi, nazik təbəqələrin alınması, nanoquruluşların formalaşdırılması, yarımkeçiricilərdə optik və qeyri-tarazlıqlı hadisələr, eləcə də onların tətbiq sahələrinə dair fundamental nəzəri biliklər veriləcək.
Sonrakı mərhələdə tələbələr yarımkeçirici materialların parametrlərinin müəyyənləşdirilməsi, sensor və detektorların tətbiqi, dielektriklərin elektronika sahəsində istifadəsi, yarımkeçirici işıq mənbələri və qəbuledicilərinin hazırlanması texnologiyası, həmçinin onların sənaye, məişət, aqrar və tibb sahələrində tətbiqi üzrə praktiki bacarıqlara yiyələnəcəklər.
Eksperimental yönümlü proqram çərçivəsində nəzəri hazırlıqla yanaşı, praktiki bacarıqların formalaşdırılmasına xüsusi önəm veriləcək. Bu məqsədlə universitetin müasir tədris və elmi-tədqiqat laboratoriyalarının imkanlarından geniş istifadə olunacaq.
İxtisaslaşma üzrə tədris planına tədqiqat metodları, yarımkeçirici material və strukturların alınma texnologiyası, yarımkeçirici və dielektriklərin elektron nəzəriyyəsi, nazik təbəqələr və nanoquruluşlar, tədqiqat analitikası, termoelektrik və qalvanomaqnit hadisələri, radiasiya prosesləri, optik və fotoelektrik hadisələr, yarımkeçirici cihazlar, kompozit materiallar, nanotexnologiya, kvantoelektron sistemlər və digər ixtisas fənləri daxildir.
Təhsil proqramının sonunda magistrantlar əldə etdikləri nəzəri və praktiki biliklər əsasında magistr dissertasiyalarını hazırlayıb müdafiə edəcəklər. Bu isə onların elmi-tədqiqatçı, ali məktəb müəllimi və ya sənaye müəssisələrində tətbiqi fizika üzrə mütəxəssis kimi fəaliyyət göstərməsinə imkan verəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: