Gəncədə beynəlxalq forum: I Yaşıl İqtisadiyyat
Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) təşəbbüsü və Macarıstan Respublikasının Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin (MATE) tərəfdaşlığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “I Yaşıl İqtisadiyyat (I GreenEco)” Beynəlxalq Forumu keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə tər gül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Forumdan əvvəl tələbələrin əl işlərindən ibarət sərgiyə və universitet əməkdaşlarının hazırladığı stendlərə baxış keçirilib.
Gəncə şəhər Heydər Əliyev Mərkəzində keçirilən beynəlxalq forumda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Dövlət Himni səsləndirilib.
ADAU-nun rektoru Zəfər Qurbanov çıxış edərək forumun əhəmiyyəti barədə məlumat verib. O qeyd edib ki, hazırda dünyada ətraf mühitin çirklənməsi, təbii ehtiyatların tükənməsi və qida təhlükəsizliyi ilə bağlı artan çağırışlar fonunda “yaşıl iqtisadiyyat” modelinə keçid strateji zərurətə çevrilib. Bu istiqamətdə Azərbaycan Respublikasında həyata keçirilən siyasət, xüsusilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində müəyyən edilən “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” hədəfi mühüm əhəmiyyət daşıyır.
Rektor çıxışında ali təhsil müəssisələrinin üzərinə düşən vəzifələrə də toxunaraq, innovativ tədris proqramlarının tətbiqi, süni intellekt sahəsində ixtisaslı kadr hazırlığı və beynəlxalq əməkdaşlığın genişləndirilməsinin prioritet istiqamətlərdən olduğunu bildirib. O, forumun beynəlxalq tərəfdaşlıq baxımından əhəmiyyətini qeyd edərək, xüsusilə Macarıstan Kənd Təsərrüfatı və Təbiət Elmləri Universiteti ilə əməkdaşlığın önəmini vurğulayıb, eləcə də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Asiya İnkişaf Bankı kimi beynəlxalq qurumların dəstəyini yüksək qiymətləndirib.
Sonra ADAU-nun tanıtım videoçarxı nümayiş etdirilib.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxış edərək bildirib ki, Gəncə şəhəri artıq təkcə tarixi və mədəni mərkəz deyil, eyni zamanda, yaşıl iqtisadiyyat və innovativ inkişaf platforması kimi formalaşır. O qeyd edib ki, bu cür beynəlxalq forumlar regionun elmi və iqtisadi potensialının güclənməsinə xidmət edir.
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov aqrar sahədə rəqəmsal transformasiya və dayanıqlı inkişafın prioritet olduğunu vurğulayaraq, dövlət tərəfindən həyata keçirilən islahatların bu istiqamətdə mühüm nəticələr verdiyini bildirib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Muhamməd Nasar Hayat çıxışında Azərbaycanda aqrar sahədə həyata keçirilən yaşıl yanaşmaların və innovativ təşəbbüslərin beynəlxalq miqyasda nümunəvi təcrübə kimi qiymətləndirildiyini vurğulayıb.
Türkiyə Respublikasının Gəncə şəhərindəki baş konsulu Recep Öztop çıxış edərək Azərbaycan ilə Türkiyə arasında aqrar sahədə əməkdaşlığın strateji əhəmiyyətini vurğulayıb. O, yaşıl iqtisadiyyat və dayanıqlı kənd təsərrüfatı istiqamətində birgə təşəbbüslərin genişləndirilməsinin hər iki ölkə üçün mühüm perspektivlər açdığını qeyd edib.
Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru Sünniya Durrani-Camal çıxışında yaşıl iqtisadiyyatın maliyyələşdirilməsi və dayanıqlı kənd təsərrüfatı layihələrinə dəstəyin gələcək inkişaf üçün strateji əhəmiyyət daşıdığını bildirib.
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov bu kimi forumların gənclərin ekoloji düşüncəsinin formalaşmasına və innovativ təşəbbüslərin artmasına mühüm təkan verdiyini bildirib və forum iştirakçılarına uğurlar arzulayıb.
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə qeyd edib ki, yaşıl iqtisadiyyat istiqamətində atılan addımlar ölkənin sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir və bu sahədə beynəlxalq əməkdaşlıq xüsusi önəm daşıyır.
Forumda çıxış edən Milli Məclisin deputatı Rizvan Nəbiyev kənd təsərrüfatında innovasiyaların tətbiqinin ərzaq təhlükəsizliyi və regionların inkişafı baxımından strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, belə platformaların aqrar sahədə müasir yanaşmaların təşviqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Çıxışlardan sonra Macarıstan Respublikasının Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin rektoru Ksaba Quruçanın forum iştirakçılarına videomüraciəti nümayiş olunub.
Forum işini “Elm və təhsildə yaşıl konsepsiyalar”, “Yaşıl kənd təsərrüfatı: təhsil, sənaye və beynəlxalq tərəfdaşlıq” mövzularında panel müzakirələrlə davam etdirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:














