Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb

Yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.
Azturkxeber.az-ın məlumatına görə söhbət zamanı qeyd olunub ki, Azərbaycan ilə İran arasında münasibətlər dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslanır, xalqlarımız arasında tarixi, etnik və dini bağlar mövcuddur.
Telefon danışığında İran Prezidentinin Azərbaycana səfərləri, dövlət başçılarının görüşləri və aparılan səmərəli danışıqlar məmnunluqla xatırlanıb, bunların ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdiyi vurğulanıb. Ağbənd və Kəlalə məntəqələrini birləşdirən, Araz çayı üzərində avtomobil körpüsünün tikintisinin qrafikə uyğun davam etdiyi qeyd edilib.
Prezident İlham Əliyev bölgədə yaranmış vəziyyətdən narahatlığını ifadə edərək, Azərbaycanın gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu bildirib və ölkəmizin bu cür məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.
Prezident Məsud Pezeşkian Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.
Telefon danışığı zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif aspektləri, eləcə də gələcək birgə addımlar barədə fikir mübadiləsi aparılıb, əlaqələrin davam etdirilməsi barədə razılıq əldə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: