“Özbəkistan–Azərbaycan” Birgə Beynəlxalq Elmi Müsabiqəyə dair Elan

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi tabeliyində İnnovativ İnkişaf Agentliyi arasında elmi fəaliyyət sahəsində əməkdaşlıq əsasında həyata keçirilən “Özbəkistan–Azərbaycan” birgə beynəlxalq elmi müsabiqə üzrə elmi layihələrin qəbulu elan edilir.
Müsabiqədə aşağıdakı elmi istiqamətlər üzrə təqdim edilən layihələr qəbul olunur:
- Energetika, neft-kimya və materialşünaslıq;
- Kənd təsərrüfatı və biotexnologiya;
- İnformasiya texnologiyaları, süni intellekt və rəqəmsal transformasiya;
- Ekologiya və ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi və su ehtiyatlarının idarə olunması;
- Memarlıq, tikinti, dizayn və şəhərsalma elmləri;
- Farmakologiya və əczaçılıq elmləri.
Müsabiqədə iştirak etmək istəyən alimlər layihənin icrası məqsədilə (Azərbaycan alimləri üçün Özbəkistan tərəfindən, Özbəkistan alimləri üçün isə Azərbaycan tərəfindən) tərəfdaş tapmalı, hər iki tərəfin elan etdiyi müsabiqə şərtlərinə uyğun olaraq eyni mövzu üzrə layihəni təqdim etməlidirlər. Müsabiqənin bütün mərhələlərində növbəti mərhələyə yalnız hər iki tərəfin müsbət rəyini almış layihələr buraxılır.
Azərbaycan tərəfi üzrə elmi layihələrin qəbulu 15 mart 2026-cı il tarixinədək müvafiq layihə formasının (keçid) doldurularaq science@eatda.edu.az elektron poçt ünvanına göndərilməsi yolu ilə həyata keçirilir.
Müsabiqənin şərtləri:
Müsabiqədə tətbiqi tədqiqatların aparılması üçün elmi-texniki imkanlara və potensiala malik elmi fəaliyyət subyektləri iştirak edə bilərlər.
Bir layihə rəhbəri müsabiqəyə yalnız bir layihə təqdim edə bilər.
Tətbiqi tədqiqat layihələri üzrə icraçı müəssisənin elmi (elmi-texniki) şurasının iclas protokolundan çıxarışda layihənin icrası nəticəsində əldə olunması planlaşdırılan əhəmiyyətli elmi nailiyyət (son məhsul, yeni texnologiya, keyfiyyətli məqalə, patent) göstərilməli və əsaslandırılmalıdır.
Müsabiqəyə icra müddəti 3 ildən artıq olmayan layihələr qəbul edilir.
Tədqiqat qrupunun orta yaşı 45 yaşı keçməməlidir. Orta yaş layihənin bütün icraçılarının yaşlarının ədədi ortası əsasında hesablanır.
Müraciətə Azərbaycan Respublikasında və Özbəkistan Respublikasında fəaliyyət göstərən birgə icraçı müəssisələr barədə, eləcə də birgə icraçının layihə müraciətinə dair məlumat əlavə olunmalıdır.
7. Azərbaycan tərəfi üzrə 5 (beş) qalib elmi layihənin seçilməsi və hər bir layihə üçün 50 000 (əlli min) manat məbləğində maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur.
8. Tədqiqat layihələrinin icrası nəticəsində informasiya sistemlərinin, kompleks istifadə üçün proqram məhsullarının, veb-platformaların və ya mobil tətbiqlərin hazırlanması nəzərdə tutulduğu halda, aşağıdakı tələblər tətbiq olunur:
– Əldə edilmiş tədqiqat nəticəsinin kommersiya potensiyalı olduğu halda Əqli Mülkiyyət Agentliyinə müraciə edilərək məhsul patentləşdirilməsi;
– layihə başa çatdıqdan sonra proqram məhsulunun fasiləsiz fəaliyyətinin təmin edilməsi və zərurət yarandıqda məlumatların yenilənməsi;
– layihə müraciət formasının “Layihənin digər analoji xərcləri” adlı 5.4-cü bəndinə ən azı 3 (üç) il müddətinə “hostinq” və “domen” xərclərinin (mobil tətbiq olduğu halda — mobil tətbiqlər mağazasında yerləşdirilməsi) daxil edilməsi.
Layihə müraciətlərinin hazırlanması barədə suallarla bağlı Azərbaycan Respublikasının Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin və Özbəkistan Respublikasının İnnovativ İnkişaf Agentliyinin məsul əməkdaşlarına müraciət edilməsi tövsiyə olunur:
Azərbaycan tərəfi üzrə:
Arif Hüseynov, Arif.Huseynov@eatda.edu.az, +994 12 599 98 88 (7916)
EATDA-nın Elmi müəssisələrlə iş şöbəsinin aparıcı məsləhətçisi
Özbəkistan tərəfi üzrə:
+998 71 203-32-23 (219, 425, 246)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: