Türkiyə mediası 20 yanvar hadisəsi ilə bağlı Ombudsman Səbinə Əliyevanın bəyanatını yaydı




36 ildir dinməyən ağrı! Azərbaycanın müstəqilliyinin dönüş nöqtəsi – “Qanlı Yanvar.”
Azərbaycanın Ombudsmanı Səbinə Əliyeva da hadisələrin beynəlxalq hüquq çərçivəsində insanlığa qarşı cinayət kimi tanınması və günahkarların ədalət qarşısına çıxarılması çağırışı ilə çıxış edib.
Azturkxeber.az xəbər verir ki, bəyanat Türkiyənin Milliyet.com sayıtında dərc olunub.
Səbinə Əliyeva, Birləşmiş Millətlər Təşkilatı başda olmaqla beynəlxalq qurumları bu məsələdə prinsipial mövqe tutmağa dəvət edib.
Azərbaycanda 1990-cı il yanvarın 20-də Sovet ordusunun Bakı və digər bölgələrdə qadın-uşaq demədən törətdiyi qırğının qurbanları anılır.
Tarixə “Qanlı Yanvar” kimi düşən 20 yanvar 1990-cı il hadisələrinin yaratdığı dərin travma, üzərindən 36 il keçməsinə baxmayaraq, Azərbaycan cəmiyyətinin kollektiv yaddaşında təravətini qoruyur. Azərbaycanda həm bir qətliam, həm də müstəqilliyə aparan yolda dirəniş və qəhrəmanlıq rəmzi kimi xatırlanan bu proses, Sovet İttifaqından qopuşun ən kritik mərhələlərindən biri kimi dəyərləndirilir.
Sovet İttifaqının dağılma prosesini sürətləndirən Qanlı Yanvar hadisələri, Azərbaycan xalqı arasında müstəqillik şüurunun güclənməsində həlledici rol oynadı.
ON MİNLƏRLƏ İNSANIN QATILDIĞI ETİRAZLAR
Hadisələrin təməlində isə Qarabağ məsələsi dayanırdı. 1980-ci illərin sonlarında ermənilərin Qarabağı Azərbaycandan qoparmaq istiqamətində cəhdləri intensivləşərkən, 1989-cu ilin dekabrında Ermənistan Sovet Sosialist Respublikasının Ali Sovetinin Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı qərarı Bakıda böyük etiraz doğurdu.
Bu qərardan sonra Azərbaycanın paytaxtı Bakıda yüz minlərlə insanın qatıldığı etiraz aksiyaları keçirildi. Azadlıq Meydanında toplaşan kütlələr həm ermənilərin ərazi iddialarına, həm də Sovet rəhbərliyinə qarşı etirazlarını ifadə etdilər.
Günlərlə davam edən mitinqlər Moskva rəhbərliyini narahat edərkən, Bakıya qoşun yeridilməsi qərara alındı. Xalq isə şəhərin girişlərini və hərbi hissələrin yerləşdiyi əraziləri bağlayaraq buna qarşı çıxdı.
1990-cı il yanvarın 19-da Sovet kəşfiyyatının Azərbaycan Televiziyasının enerji infrastrukturunu sabotaj etməsi ilə gərginlik daha da artdı. Həmin günün axşamı təxminən 26 min nəfərlik Sovet hərbi birliyi zirehli texnika ilə Bakıya beş müxtəlif istiqamətdən daxil oldu. Silahsız mülki əhaliyə atəş açan əsgərlər, tank və zirehli maşınları insanların üzərinə sürdülər, təcili tibbi yardım maşınları və sərnişin avtobusları belə hədəfə alındı. Təkcə Bakıda həmin gecə 130 mülki şəxs həyatını itirdi.
Sovet ordusu əməliyyatlarını Neftçala və Lənkəran kimi digər bölgələrdə də davam etdirdi. Rəsmi məlumatlara görə, 20 Yanvar qətliamında ümumilikdə 150 azərbaycanlı mülki şəxs həlak oldu, 744 nəfər yaralandı, təxminən 400 nəfər saxlanıldı. Fövqəladə vəziyyət elan edilməsinə və şəhərin Sovet ordusunun nəzarətinə keçməsinə baxmayaraq, xalq küçələrə çıxmağı davam etdirdi və şəhidlərin dəfni üçün hazırlıqlara başladı.
TARİXƏ DÜŞƏN 1 MİLYONLUQ MƏRASİM
Həyatını itirənlərin nəşləri 1918-ci ildə erməni hücumları zamanı həlak olan azərbaycanlıların dəfn edildiyi və Sovet dövründə parka çevrilmiş Dağüstü Parka aparıldı. Azadlıq Meydanında toplanan tabutlar xalqın çiyinlərində bu gün Şəhidlər Xiyabanı adlanan məkana daşınaraq yanaşı dəfn olundu. Təxminən 1 milyon insanın qatıldığı bu dəfn mərasimi tarixə düşdü.
QIRMIZI QƏRƏNFİLLƏRLƏ ANILIRLAR
Qanlı Yanvar Azərbaycan xalqının Sovet rəhbərliyinə olan inamını tamamilə sarsıtdı və müstəqilliyə aparan prosesin faktiki başlanğıcı oldu. Azərbaycanlılar hər il 20 Yanvarda qırmızı qərənfillərlə Şəhidlər Xiyabanına axışaraq müstəqillik uğrunda həyatını itirənləri yad edirlər.
Hadisələrin şahidlərindən olan 71 yaşlı Sahib Alizadə yaşadıqlarını danışıb. Sovet ordusunun “sülhməramlı qüvvə” kimi təqdim edildiyini xatırladan Alizadə, “Onların necə bir ordu olduğunu 20 Yanvar gecəsi gördük. İnsanlar tankların qarşısına canlarını qoyaraq çıxdılar”, – deyib. Həmin gecə ayağından yaralanan Alizadə Türkiyənin dəstəyi ilə İstanbulda müalicə olunduğunu bildirərək, “Türkiyənin dəstəyini böyük qardaş dəstəyi kimi hiss etdik”, – ifadələrini işlədib.
Bu il də Bakıdakı Şəhidlər Xiyabanında keçirilən anım mərasimlərində məzarlara qərənfillər qoyuldu, dualar oxundu. Yerli vaxtla saat 12:00-da ölkə üzrə bir dəqiqəlik sükut elan olundu, gəmilər, qatarlar və ictimai nəqliyyat vasitələri fit və siqnallar səsləndirdi.
Azərbaycan Xarici İşlər Nazirliyi yaydığı bəyanatda 1990-cı il yanvarın 20-də baş verənlərin xalqın azadlıq, suverenlik və milli ləyaqət tələblərini boğmağa yönəlmiş cəhd olduğu vurğulandı. Bəyanatda bu zorakılığın xalqın iradəsini qıra bilmədiyi, əksinə müstəqillik əzmini daha da gücləndirdiyi qeyd edildi.
Azərbaycanın Ombudsmanı Səbinə Əliyeva da hadisələrin beynəlxalq hüquq çərçivəsində insanlığa qarşı cinayət kimi tanınması və günahkarların ədalət qarşısına çıxarılması çağırışı edib. Əliyeva, Birləşmiş Millətlər Təşkilatı başda olmaqla beynəlxalq qurumları bu məsələdə prinsipial mövqe tutmağa dəvət edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: