“Böyük Qayıdış” Gənclər Təşkilatı 20 Yanvar faciəsinin 36-cı ildönümünü qeyd edib
“Böyük Qayıdış” Gənclər Təşkilatı 20 Yanvar faciəsinin 36-cı ildönümünü ilə əlaqədar bir sıra tədbirlər keçirib.
“Böyük Qayıdış” Gənclər Təşkilatından bildirilib ki, silsilə tədbirlər çərçivəsində təşkilat nümayəndələrinin və üzv gənclərin iştirakı ilə 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət olunub. Ölkəmizin suverenliyi və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla anılıb.
Faciənin 36-cı ildönümü ilə əlaqədar və tədbirlər planına uyğun olaraq Gənclər Təşkilatlarının Resurs Mərkəzində "20 Yanvar: Tarix, yaddaş və milli şüur" adlı panel müzakirəsi keçirilib. “Böyük Qayıdış” Gənclər Təşkilatının İdarə Heyətinin üzvü, Aprel döyüşləri qazisi Əhliyət Mehdiyevin moderatorluğu ilə keçirilən tədbirdə Milli Məclisin deputatı Ceyhun Məmmədov, 20 Yanvar faciəsinin canlı şahidləri olan Hikmət Ağayev və Valeh Hüseynov o qanlı gecədə baş verənlər, həmçinin həmin dövrdə Azərbaycanın ictimai-siyasi vəziyyəti və xalqımızın mübarizlik ruhu haqqında fikirlərini gənclərlə bölüşüb, onları maraqlandıran sualları cavablandırıblar.
Həyata keçirilən ardıcıl tədbirlər zamanı bildirilib ki, 20 Yanvar tariximizə yalnız faciə kimi yox, həm də mübarizlik, qəhrəmanlıq günü kimi daxil olub. Xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz olan yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:









