azturkxeber.az
http://azturkxeber.az

Naxçıvan Şəhər İcra Hakimiyyətində xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial müdafiəsinə dair maarifləndirici görüş keçirilib

12-01-2026

Azərbaycan Respublikası Prezidentinin 2025-ci ilin 12 noyabr tarixli tapşırıq və göstərişlərindən irəli gələrək Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində keçirilmiş müşavirədə “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi” üzrə İşçi Qrup yaradılmışdır. İşçi Qrupun rəhbəri Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri, üzvləri isə müvafiq dövlət qurumlarının məsul şəxslərindən ibarətdir.
İşçi Qrupunun təsdiq edilmiş Tədbirlər Planının prioritet istiqamətlərindən biri sosial cəhətdən həssas əhali qruplarının identifikasiyası və onların sosial müdafiə sisteminə inteqrasiyasının gücləndirilməsidir.
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhalinin sosial rifahının yaxşılaşdırılması, işsiz və işaxtaran şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb olunması, aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı ilə təmin edilməsi, tənha ahıllar və əlilliyi olan şəxslərə evdə sosial xidmət göstərilməsi istiqamətində mütəmadi işlər aparılır.
Bu məqsədlə Nazirlik tərəfindən Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrin fərdi təsərrüfatlarının yaradılması və inkişaf etdirilməsi üçün dövlət tərəfindən natura şəklində mal, material və digər əmlak dəstəyi göstərilir. Eyni zamanda aztəminatlı ailələrin müəyyən olunması, əlillik təyinatı, reabilitasiya tədbirlərinə cəlb olunması, sosial xidmətlərin göstərilməsi istiqamətində geniş maarifləndirmə işləri həyata keçirilir.
Sözügedən tədbirlər çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyətinin inzibati binasında inzibati ərazi dairələri üzrə nümayəndəliklərin məsul şəxslərinin iştirakı ilə maarifləndirici görüş keçirilib. Görüş zamanı mövcud sosial müdafiə mexanizmləri, özünüməşğulluq imkanları, sosial yardım təyinatı üçün tələb olunan prosedurlar barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb və praktiki tövsiyələr təqdim olunub.
Qeyd edək ki, bu qəbildən olan görüşlərin muxtar respublikanın rayonlarında da keçirilməsi nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031