azturkxeber.az
http://azturkxeber.az

Fransanın əczaçılıq sənayesində fəaliyyət göstərən bir sıra şirkətlər yeni qurum yaradıb

12-01-2026

Fransanın əczaçılıq sənayesində fəaliyyət göstərən bir sıra şirkətlər yeni qurum yaradıb

Fransanın əczaçılıq sənayesində fəaliyyət göstərənlər arasında ciddi fikir ayrılığı yaranıb. Bu sektorun əsas işəgötürən təşkilatı olan LEEM-dən (Les Entreprises du Medicament) bir neçə iri dərman şirkəti ayrılmaq qərarına gəlib. “Sanofi”, “Servier”, “Pierre Fabre” və oftalmologiya sahəsində lider olan “Thea” qrupunun da daxil olduğu bu şirkətlər LEEM-i tərk edərək, yeni, “daha çevik” təsirə malik lobbi qurumu yaratdıqlarını elan edib.

Yeni strukturun adı və rəsmi nizamnaməsi hələ olmasa da, təşəbbüskarların sözlərinə görə, əsas məqsəd Fransa və Avropa hakimiyyət orqanları ilə konstruktiv dialoq aparmaq, fransız innovasiyasını və səhiyyə suverenliyini qorumaqdır.

Yeni qurum, əsasən, innovativ dərmanlar istehsal edən və Fransada ən azı bir istehsal və ya tədqiqat-inkişaf mərkəzi olan digər şirkətləri də ətrafında birləşdirməyi hədəfləyir.

Hazırda LEEM, təxminən, 280 şirkəti birləşdirir və bu sektorda 80 minə yaxın şəxs çalışır. Lakin ayrılan qrupların fikrincə, təşkilat daxilində balans dəyişib və xarici iri oyunçular getdikcə daha çox təsir gücü qazanır. Bu isə bəzi laboratoriyaların nümayəndələrini narahat edir.

Ayrılmış şirkətlər yeni struktur vasitəsilə Fransanın sənaye rəqabət qabiliyyətini gücləndirmək istəyirlər. Onlar Çinin sürətlə artan gücünü və Amerika Birləşmiş Ştatlarının qiymət təzyiqi ilə iri investisiyaları birləşdirən strategiyasını əsas təhlükə kimi görürlər. Bu baxımdan, Fransa sənayesinin geri qalması riski ön plana çıxır.

Bildirək ki, bu hal cari il üçün Sosial Təminat Büdcəsinin qəbulundan sonra qeydə alınıb. Yeni qurum yaratmaq istəyənlər hesab edirlər ki, qəbul olunmuş maliyyə qanunu Fransada istehsalın və sənayenin mövcudluğunu yetərincə dəyərləndirmir. Onlar vergi siyasətini və Avropa səviyyəsində aparılan strategiyanı tənqid edir, LEEM-in isə xarici laboratoriyaların artan təsirinə qarşı kifayət qədər effektiv mübarizə aparmadığını iddia edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031