Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib.
Təbrikdə deyilir:
"Hörmətli həmvətənlər!
Sizi və Azərbaycanın bütün xristian icmasını müqəddəs Milad bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
Azərbaycanda yüz illərdir ki, ayrı-ayrı xalqlar və etiqadlar arasında qarşılıqlı hörmət və etimada, mehriban dostluq və qardaşlığa əsaslanan milli-mənəvi həmrəylik mühiti hökm sürür.
Cəmiyyətimizdə yüksək birgəyaşayış mədəniyyətinin, mənəvi-əxlaqi normaların, multikultural dəyərlərin və dözümlülük prinsiplərinin təbliği və təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin prioritet xəttini təşkil edir.
Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda bu gün hər kəs mədəni özünüifadə imkanlarına malikdir. Dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına, o cümlədən xristian icmasına etnik-mədəni özünəməxsusluğunu qoruyub saxlamaq və daha da inkişaf etdirmək üçün hərtərəfli demokratik-hüquqi şərait yaradılmışdır. Təqdirəlayiq haldır ki, xristian həmvətənlərimiz ictimai-siyasi, sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edir, ümumi evimiz Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə səylərini əsirgəmirlər.
Milad bayramı yeniliyi, paklığı, mərhəmət və xeyirxahlıq kimi ülvi hissləri özündə təcəssüm etdirir. Bu əziz gündə bir daha hamınıza bayram təbriklərimi çatdırıram, ailələrinizə səadət, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Bayramınız mübarək olsun!"



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Prezident İlham Əliyev: Azərbaycanda yüz illərdir ki, milli-mənəvi həmrəylik mühiti hökm sürür
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
Prezident: Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda bu gün hər kəs mədəni özünüifadə imkanlarına malikdir