azturkxeber.az
http://azturkxeber.az

AÇG üzrə əməliyyat və əsaslı məsrəflərə xərclənən vəsait açıqlanıb

06-11-2025

AÇG üzrə əməliyyat və əsaslı məsrəflərə xərclənən vəsait açıqlanıb

Cari ilin ilk üç rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) üzrə fəaliyyətlərə təqribən 388 milyon dollar əməliyyat məsrəfləri və 912 milyon dollar əsaslı məsrəflər xərclənib. Ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyat məsrəfləri 3,48 faiz və əsaslı məsrəflər 5,8 faiz azalıb.

AÇG yatağında aparılan 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində ikinci il üçün məlumat toplanması işləri üçüncü rüb ərzində davam edib.

Hesabat dövrü ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. İlk üç rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (21 min), Mərkəzi Azəri (88 min), Qərbi Azəri (75 min), Şərqi Azəri (43 min), Dərinsulu Günəşli (52 min), Qərbi Çıraq (24 min) və ACE (24 min) platformalarından birlikdə – gündə orta hesabla 327 min barel və ya ümumilikdə təxminən 89 milyon barel, yəni 12 milyon ton olub. Ötən illə müqayisədə ümumilikdə 4 milyon barel azalma olub.

Fevralın 18-i AÇG layihəsi “Mərkəzi Azəri” platformasından ilk neftin əldə olunmasının 20 illiyini qeyd edib. İndiyədək bu platformadan ümumilikdə 1,2 milyard barel (155 milyon ton) neft hasil edilib.

Üçüncü rübün sonunda AÇG-də ümumilikdə 145 neft hasilat quyusu, 48 su injektor quyusu və 10 qaz injektor quyusu istismarda olub.

İlin üç rübü ərzində AÇG-də 6 neft hasilat, 4 su injektor və 1 qaz injektor quyusu qazılıb tamamlanıb.

2025-ci ilin üç rübü ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 8 milyon kubmetr, ümumilikdə isə 2,1 milyard kubmetr səmt qazı təhvil verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,7 faiz çoxdur. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

AÇG üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) sərbəst təbii qazla (STQ) bağlı yeni əlavənin imzalanmasından sonra ilkin hasilat quyusu planlaşdırılıb və mövcud “Qərbi Çıraq” platformasından təhlükəsiz şəkildə qazılıb. Bu quyu qiymətləndirmə baxımından da çox əhəmiyyətlidir, çünki quyudan əldə edilən məlumatlar AÇG-dəki STQ ehtiyatlarının işlənməsi üçün gələcək planların hazırlanmasına kömək edəcək.

2025-ci ildə quyuda qazma işləri uğurla bitmiş və hazırda hasilatda olan neft laylarının altında yerləşən iki prioritet STQ layına - dayaz Qırmakıüstü Qumlu (QÜQ) və daha dərin Qırmakıaltı (QA) lay dəstlərinə çıxış təmin edilib. Nəticədə QÜQ lay dəstində qaz ehtiyatlarının mövcudluğu təsdiqlənib və AÇG-dən ilk STQ hasilatının 2026-cı ilin birinci yarısında həmin laydan başlanacağı gözlənilir.

Bundan əlavə, QA lay dəstində də yüksəktəzyiqli qaz ehtiyatlarının mövcudluğu aşkar edilib və bu layda 2026-cı ilin əvvəllərində sınaq işlərinin aparılması planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930