Tailand Kamboca səfirindən ölkəni tərk etməyi tələb edib
Tailand iki ölkə arasında sərhəd gərginliyindən sonra Kamboca ilə diplomatik əlaqələri məhdudlaşdırmaq qərarına gəlib.
Tailandın Baş nazirinin ofisi ölkənin xarici işlər naziri Phumtham Veçayaçaya Kambocadakı səfiri geri çağırmaq, bu ölkənin Tailanddakı səfirini isə ölkədən çıxarmaq barədə tapşırıq verib. Bundan başqa, Tailand Kamboca ilə bütün sərhəd-keçid məntəqələrini bağlayıb.
Kambocanın buna cavabı da adekvat olub. Xarici İşlər Nazirliyi ölkənin Tailanddakı bütün diplomatik heyətini geri çağırıb.
Qeyd edək ki, iyulun 24-də iki ölkə arasındakı mübahisəli sərhəd ərazidə insident olub. Tailand tərəfi iddia edir ki, kambocalı əsgərlərinin ərazidə yaxın vaxtlarda basdırdığı minanın partlaması nəticəsində 5 hərbçi yaralanıb. Tailand Kambocanın bu addımının Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Konvensiyasına (Ottava Konvensiyası) zidd olduğunu bəyan edib.
Kamboca isə bu iddiaları rədd edərək, mina insidentinin tailandlı əsgərlərin qarşılıqlı razılaşdırılmış patrul marşrutlarından uzaqlaşması nəticəsində baş verdiyini bildirib. “Kamboca dəfələrlə Tailand tərəfinə bu ərazilərdə hələ də zərərsizləşdirilməmiş bir çox mina və müharibə qalıqlarının olduğunu xatırladıb və 2000-ci il Anlaşma Memorandumunda göstərildiyi kimi qarşılıqlı razılaşdırılmış patrul marşrutlarına zidd hərəkətlərdən çəkinməyə çağırıb”, - deyə Kamboca Müdafiə Nazirliyinin rəsmisi general-leytenant Mali Soçeata bildirib.
Medianın məlumatına görə mina insidentindən sonra mübahisəli ərazidə iki ölkənin hərbçiləri arasında atışma olub. Tailand tərəfdə yaşayış məntəqəsinə mərmilərin düşməsi nəticəsində 12 mülki şəxsin ölməsi, habelə Tailand hərbi təyyarələrinin Kamboca ordusunun 2 postunu dağıtması barədə xəbərlər yayılıb.
Xatırladaq ki, Kamboca-Tailand sərhəd münaqişəsi iki ölkə sərhədində 2008-ci ildə silahlı toqquşmalarla başlayıb. Münaqişənin kökündə Kamboca və Tailand krallıqları arasında yerləşən Preahvihear məbəd kompleksi ətrafındakı ərazilərə dair əsrlər boyu davam edən mübahisədir.