Şəlalələr diyarı – Laza
“Mən turist olsaydım” rubrikası: Azərbaycanın şəlalələr diyarı - Laza.
Qusar rayonunun əsrarəngiz təbiət mənzərələri ilə zəngin olan Laza kəndi turistlərin sevimli məkanıdır. Qafqaz dağlarının şimal-şərqində, Şahdağ yüksəkliyinin ətəyində yerləşən kəndi Azərbaycanın şəlalələr diyarı adlandırırlar.
Laza kəndində 10-dan çox dağ şəlaləsi var. Bu da yerli və əcnəbi turistləri buraya cəlb edən əsas amillərdəndir. Kəndin yerləşdiyi yayla dəniz səviyyəsindən 1300 metr yüksəklikdədir.
Lazanın bir-birindən gözəl şəlalələri, təmiz havası ölkəmizdən kənarda da məşhurdur. Burada həm yay, həm də qış fəslində turistlərə rast gəlmək mümkündür.
Bu il Laza şəlalələrinin mənzərəsini seyr etməyə gələn əcnəbi turistlər arasında Körfəz ölkələrindən, Hindistan və Pakistandan olanlar üstünlük təşkil edir. Şahdağ Turizm Mərkəzinin qonaqları eyni turizm marşrutu üzərində yerləşən Laza kəndinə də səfər edə bilirlər.
Qış fəslində Laza kəndinin dörd bir yanındakı şəlalələrin əksəriyyəti donaraq əsrarəngiz təbiət mənzərəsi yaradır. Yaşayış məntəqəsində qarlı-şaxtalı havalar 7 ay davam edir. Donmuş şəlalələrdə buzadırmanma üzrə beynəlxalq və yerli əhəmiyyətli yarışlar keçirilir.
İki yüz nəfərə yaxın əhalisi olan Laza kəndində 30 ev var. Kəndin əhalisinin əsas məşğuliyyəti heyvandarlıqdır. Son illər isə kəndin sakinləri turizm sektorundan da gəlir əldə etməyə başlayıblar. Kənddə qədim xalçaçılıq ənənələri də qorunub saxlanılıb.