“44 gün – Tarixi zəfər” kitabı qubalı oxuculara təqdim olunub
İyulun 24-də Bəşir Səfəroğlu adına Quba Rayon Mədəniyyət Mərkəzində Mədəniyyət Nazirliyinin “Xatirə Kitabı” redaksiyası tərəfindən hazırlanmış “44 gün – Tarixi zəfər” adlı kitabın II və III cildi təqdim olunub.
Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi üçün hazırlanan kitabın təqdimat mərasimində Quba Rayon İcra Hakimiyyətinin, “Xatirə Kitabı” redaksiyasının nümayəndələri, şəhid ailələrinin üzvləri iştirak ediblər.
“Respublika Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova bildirilib ki, kitabın I, II və III cildlərində ümumilikdə 2700-dək şəhid haqqında ensiklopedik məlumat yer alıb.
Vurğulanıb ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin qayğısı və təşəbbüsü ilə yaradılan “Respublika Xatirə Kitabı” tarixi sənəd, tarixlə cəmiyyət arasındakı həqiqətləri, müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik salnamədir. Bu missiyanı öz üzərinə götürərək, “Xatirə Kitabı” redaksiyası İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli qəhrəmanlarımız, şücaət göstərmiş şəxslər haqqında da əhatəli materiallar toplayaraq ayrı-ayrı kitablar çap edib.
Diqqətə çatdırılıb ki, “Respublika Xatirə Kitabı”nın indiyədək 20-yə yaxın cildi çap olunub. Redaksiya 2017-ci ildə Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən “Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın işçi qrupu ilə birgə torpaqlarımızın işğalı zamanı əsir və girov götürülmüş, həmçinin naməlum şəraitdə itkin düşmüş hərbçi və mülki şəxslərin sonrakı talelərini araşdırıb və dörd cilddən (iki dildə) ibarət kitab hazırlanıb.
Eyni zamanda, redaksiya 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə cildlik kitab üzərində çalışır. Kitabın artıq 1-ci, 2-ci və 3-cü cildi işıq üzü görüb, 4-cü cild çapa hazırdır. Redaksiyanın hazırladığı “Qələbə - 75 və Qələbə 80: Azərbaycan xalqının mübarizə əzmi” kitabı da tarixlə cəmiyyət arasındakı faktiki prosesləri özündə ehtiva edir. Kitabda faşizm üzərində qələbə geniş təqdir olunub, 1941-1945-ci illərdə alman faşizminə qarşı döyüşən Azərbaycan vətəndaşlarının qəhrəmanlıq və şücaəti xüsusi rakursda xarakterizə edilib, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş azərbaycanlılar, müharibədə örnək, hünər göstərmiş cəsur qadınlarımız barədə tutarlı və maraqlı fikirlər yer alıb.
Bildirilib ki, “Respublika Xatirə Kitabı” redaksiyası, həmçinin “Bakı Xəbər” qəzeti ilə birgə layihə əsasında Qarabağ müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə “Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən bir neçə kitab nəşr edib, həmin kitabların təqdimatını keçirib. Redaksiya, eyni zamanda, “Vətən daşı... və ya 44 günün dastanı” adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlər geniş ictimaiyyətə təqdim olunub.
Şəhid ailələrinin üzvləri çıxışlarında redaksiyanın rəhbərliyinə və kollektivinə belə bir kitabın nəşrinə görə öz təşəkkürlərini bildiriblər.
Sonda şəhid ailələrinə “Xatirə Kitabı” redaksiyasının nəşr etdiyi “44 gün - Tarixi zəfər” kitabı təqdim olunub.