Peşəkar psixiatriya yardımı və müalicə prosesi ilə bağlı stereotiplər xüsusilə aktualdır
“Facebook”da tibbi xidmətlər və tibbi məsləhətlər təklif edən onlayn qruplarda psixi sağlamlıq sahəsində tövsiyə və məsləhət istəyən insanlar bir sıra hallarda psixiatr əvəzinə nevroloqlara yönləndirilir, “psixoloq”, “klinik psixoloq”, “psixoterapevt”, “psixiatr” kimi anlayışlar fərqləndirilə bilinmir.
AzTurkxeber.az xəbər verir ki, bu fikirlər Ombudsman yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupun fəaliyyəti çərçivəsində aparılmış ictimai rəy sorğusunun və sosial şəbəkələrin monitorinqinin nəticələrində əks olunub.
Monitorinq nəticələrinə əsasən həmin sosial şəbəkədə müvafiq qrup və səhifələrdə aparılan müzakirələrin təhlili göstərir ki, peşəkar psixiatriya yardımı və müalicə prosesi ilə bağlı stereotiplər xüsusilə aktualdır. Müalicə prosesində təyin olunan psixotrop dərmanların, xüsusilə antidepressantların asılılıq yaratması, dərman preparatları qəbul edən şəxslərin normal həyat tərzini, əmək fəaliyyətini, həmçinin təhsil almaq imkanlarını məhdudlaşdırması barədə elmi əsası olmayan fikirlər sosial şəbəkələrdə geniş yayılıb.