azturkxeber.az
http://azturkxeber.az

Prezident İlham Əliyevin uğurlu siyasətinin real təzahürü xalqımızın qürur, dövlətimizin isə güc mənbəyidir.

10-01-2025 Baxılıb: 11

 

Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibə dövlətimizin 2024-cü ildə əldə etdiyi nailiyyətləri və qarşıdakı dövr üçün perspektivləri geniş şəkildə əks etdirir. Müsahibədə vurğulanan məqamlar həm iqtisadi inkişafın dayanıqlılığını, həm də regional siyasətdə Azərbaycanın mövqeyinin daha da gücləndiyini sübut edir.Dövlətimizin başçısı müsahibəsində geosiyasi və geoiqtisadi məsələlərin təhlilini verdi və bununla da hər kəs müasir qlobal nizamda Azərbaycanın yerini və rolunu aydın şəkildə görmək imkanını əldə etdi. Prezident İlham Əliyevin müsahibəsindəki fikirləri Azərbaycanın nəqliyyat-kommunikasiya qovşağına çevrilməsi, Avrasiyada enerji təhlükəsizliyinin təmin olunmasında açar dövlətə dönüşməsi, milli maraqlarını müdafiə etmək üçün Fransa kimi böyük dövlətlərlə belə baş-başa gələ bilməsi, qalib ölkə kimi vətəndaşlarının qürurla yaşadığı və fəxr etdiyi dövlət vəziyyətinə gəlməsi kimi reallıqların dərk olunmasına vəsilə oldu. Bir sözlə, Prezident İlham Əliyev son müsahibəsi ilə hər kəsdə dünyanın bu günü və gələcəyi, bu fonda isə Azərbaycanın yeri və rolu barədə aydın təsəvvürlər formalaşdırdı.

     Dövlət başçımız ümumi daxili məhsulun 4 faizdən çox artdığını, neft hasilatında tənəzüllə üzləşmədiyimizi, neft hasilatının azalmasının bundan sonra ümumi daxili məhsula mənfi təsir göstərməyəcəyini, qeyri-neft sənaye sektorunda artımın 7 faizdən çox olduğunu, iqtisadi sahədə dayanıqlı inkişafa nail olduğumuzu, büdcə xərclərinin 41 milyard manatdan çox olduğunu və s. xatırlatdı.

     Prezident İlham Əliyev müsahibə zamanı Qarabağda və Şərqi Zəngəzurda 2025-ci ildə həyata keçiriləcək layihələr, planlar barədə də geniş məlumat verdi, işğaldan azad edilmiş ərazilərdə əsas infrastruktur layihələrinin yaxın bir-iki il ərzində yekunlaşacağını bildirdi. Ən çox vəsait bu layihələrə gedir. Təbii ki, bütün bu layihələri uğurlu sosial-iqtisadi siyasət nəticəsində həyata keçirə bilirik. Həmçinin əminliklə deyə bilərik ki, xalqımızın sosial rifah halının yaxşılaşdırılması ümumilikdə Azərbaycanda yürüdülən siyasətin ana xəttini təşkil edir. Qeyd etdiyimiz reallıqlar, o cümlədən 2003-cü ildən bu günə qədər qət olunan məsafə, əldə edilən nailiyyətlər göstərir ki, Prezident İlham Əliyevin uğurlu siyasətinin real təzahürü xalqımızın qürur, dövlətimizin isə güc mənbəyidir.

     Müsahibədə diqqət çəkən məqamlardan biri də Qazax rayonunun dörd kəndinin Ermənistan işğalından azad edilməsi olub. Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətinin hər hansı dialoqu mümkünsüz etdiyini və danışıqlar prosesindən yalnız işğalı davam etdirmək üçün bir alət kimi istifadə etdiyini bildirib.Qazaxın kəndlərinin azad olunması, delimitasiya və demarkasiya proseslərinin eyni vaxtda həyata keçirilməsi unikal hadisədir. Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistanı buna vadar edən əsas amillərdən biri Vətən müharibəsi və Azərbaycanın antiterror əməliyyatları olub. Bu proses Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində növbəti mühüm addım kimi dəyərləndirilir.Dövlətimizin başçısı Ermənistan hökumətinə onu da xatırlatdı ki, dünya sürətlə dəyişir və bu dəyişiklik heç də Ermənistanın xeyrinə deyil. Kanadada qəfil hökumət dəyişikliyi, Suriyada Əsəd rejiminin bədnam çöküşü həm də o deməkdir ki, Ermənistanın özünə müttəfiq saydığı ölkə rəhbərlərinin sırası getdikcə seyrəlir və bu proses böyük ehtimalla davam edəcək. Heç şübhəsiz, qonşularımız da bunu görür və artıq bilirlər ki, Azərbaycanın təbii və strateji müttəfiqi olan qardaş Türkiyənin bu prosesdə rolu və iştirakı müstəsna əhəmiyyət daşıyır. Bununla yanaşı, ötən il dekabrın 19-da ölkəmizin D-8 kimi nüfuzlu təşkilata üzv qəbul edilməsi Azərbaycanın artmaqda olan siyasi çəkisinə və etibarlı tərəfdaş statusuna göstərilən beynəlxalq ehtiramın təzahürüdür. Bu, ölkəmizin və şəxsən Prezident İlham Əliyevin növbəti böyük uğuru olmaqla yanaşı, həm də Ermənistanı kənardan idarə edən bədxahlarımızın çirkin oyunlarına və məkrli planlarına ən tutarlı cavabdır. O da şübhəsizdir ki, Azərbaycan Prezidentinin növbəti mesajından da həm Ermənistan hökuməti, həm də onun havadarları mütləq nəticə çıxarmalı olacaq: “Necə ki, Türkiyə istənilən formada, hər bir məsələdə bizim yanımızdadır, biz də onun yanındayıq... Ona görə Türkiyənin marağında nədirsə, bizim də marağımızda odur. Təhlükəsizliyimiz də birdir, maraqlarımız da birdir, gələcəyimiz də birdir...”

Fərqanə Cəbrayılova,

Salyan rayonu, Əməkdar müəllim






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031