"Azərbaycan beynəlxalq reytinq sıralamasında daha yüksək yerdə dayanır"-KAMİLƏ ƏLİYEVA
Prezident cənab İlham Əliyevin Azərbaycanın televiziya kanallarına müsahibəsi artıq ənənəyə çevrilmişdir.
Ölkə başçımız yanvarın 7-də növbəti dəfə yerli televiziya kanallarının müxbirlərinin suallarını üç saata yaxın vaxtda cavablandırdı və ictimaiyyəti maraqlandıran məsələlərə, o cümlədən, beynəlxalq aləmdə ölkəmizin böyük nüfuz qazanması, Fransanın Azərbaycana qarşı düşmənçilik mövqeyi barədə fikirlərini bildirdi, müasir dünyada neokolonializmdən əziyyət çəkən xalqlara dövlətimizin göstərdiyi dəstəyə, dünyada baş verən siyasi proseslərə öz münasibətini bildirdi.
Prezidentimizin də dəfələrlə qeyd etdiyi kimi iqtisadi cəhətdən güclü olan dövlət hər şeyə qadirdir. Vurğulamaq lazımdır ki, Azərbaycanın iqtisadi gücü hər il artmaqdadır. Prezident cənab İlham Əliyev uzun illər dövlət büdcəsi neft və qazdan asılı olan dövləti qeyri-neft məhsulları ixrac edən ölkəyə çevirdi. Azərbaycanda qeyri-neft sektoru hər il inkişaf etməkdədir. Uzun illər aparılan iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı aparılan effektiv mübarizə, ölkəmizə investisiyaların cəlb edilməsi və investorlara yaradılan şəraitin yaxşılaşdırılması nəticəsində Azərbaycan beynəlxalq nüfuzlu reytinq agentliklərinin dövlətimizə münasibətlərdə müsbət dəyişikliklər müşahidə olunur. Əminəm ki, Azərbaycan beynəlxalq reytinq sıralamasında daha yüksək yerdə dayanır. Ölkəmizin maliyyə vəziyyəti də getdikcə yaxşılaşır. Valyuta ehtiyatlarımız hər il yüksəlir. Valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. Dünyanın inkişaf etmiş ölkələrində belə bu göstəricilərə rast gəlinə bilməz.
Beynəlxalq iqtisadi ekspertlər Azərbaycanın dövlət büdcəsini ən yüksək sosial yönümlü bir büdcə kimi qiymətləndirir. Əməkhaqqılar, pensiyalar və digər müavinətlərin hər il artırılması dövlətimizin əsas sosial siyasətidir. Ölkə başçımızın həyata keçirdiyi iqtisadi islahatların əsasını əhalimizin rifah halının yüksəldilməsi təşkil edir.
Beynəlxalq aləmdə də ölkəmizin nüfuzu artdıqca dünya dövlətləri tərəfindən Azərbaycana olan böyük inam və etibarı da artmaqdadır. COP-29un ölkəmizdə keçirilməsinə 198 ölkənin lehinə səs verməsi buna sübutdur. Qısa zaman ərzində COP-29un yüksək səviyyədə təşkil edilməsi üçün böyük işlər görüldü. Tədbirə 80 ölkənin dövlət və hökumət başçıları, ümumilikdə 197 ölkədən 76 min iştirakçı gəlmişdir. Hər kəs tədbirin yüksək səviyyədə təşkil edildiyini xüsusi vurğulamışdır. Fransa başda olmaqla bir sıra Qərb dövlətləri COP-29u baykod etməyə cəhd etdilər. Lakin onların bu cəhdləri uğursuz oldu. Bakıda keçirilən COP-29 COPlar tarixində ən uğurlu tədbir kimi tarixdə qalacaq. 10 ildən çoxdur həllini tapmayan məsələlər Bakı Konfransında öz müsbət həllini tapmış oldu. Azərbaycan zəngin neft-qaz ölkəsi olmasına baxmayaraq sübut etdi ki, dünyanın yaşıl enerjiyə keçidində Azərbaycan mühüm rol oynayır. Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarına Azərbaycanın üzv qəbul edilməsi ölkəmizin xarici siyasətinin ən böyük uğurlarındandır. Müsəlman ölkələrini birləşdirən D-8 təşkilatına Azərbaycanın üzv qəbul edilməsi bu uğurun nümunəsidir. Təşkilata üzv olmaqla Azərbaycan öz siyasi, iqtisadi gücünü artırmaqla yanaşı təşkilatın daha da nüfuz qazanmasına öz töhfəsini verəcək. Prezident cənab İlham Əliyev Azərbaycanla Ermənistan arasında mövcud vəziyyətdən danışdı və iki ölkə arasında sülhün yaranması istiqamətində ölkəmizin mövqeyini bir daha Ermənistan və onun havadarlarına çatdırdı. Ümumiyyətlə Ermənistanın Baş Naziri Paşinyan dünya ictimaiyyətini aldatmağa çalışır ki, güya Azərbaycanla sülh müqaviləsi bağlamağa hazırdır. Əslində Ermənistan rəhbərliyi bu məsələdə qeyri-konstruktiv mövqe sərgiləyir.Azərbaycanın mövqeyi isə aydındır. İlk növbədə Ermənistan öz Konstitusiyasında dəyişiklik etməli, Azərbaycana qarşı torpaq iddiası bəndini ləğv etməli, Minsk qrupunun fəaliyyətinin dayandırılması üçün Azərbaycanla birlikdə ATƏTə müraciət etməlidir. Çox təəssüf ki, bu gün Ermənistan tamamilə Fransanın nəzarətində olan bir ölkədir. Ermənistan rəhbərliyi başa düşməlidir ki, onların arxasında duran dövlətlər sona gədər Ermənistanın arxasında dayanmayacaqlar. Vətən müharibəsində ermənilər bunların şahidi oldu. Fransa dəfələrlə cəhd etsə də Azərbaycanın haqlı mövqeyinə mane ola bilmədi. Fransa Prezidenti Makron dəfələrlə Azərbaycana qarşı təzyiqlər və təxribatlar törətməyə çalışsa da sonda Prezidentimizin qətiyyəti və siyasi iradəsi qarşısında məğlub oldu. Bu gün Fransa prezidenti Makron öz ölkəsini də ağır duruma salıb. Fransa Afrikada öz mövqeyini itirməkdədir. Afrika dövlətləri Fransanın təsiri altından çıxmaq üzrədir və Fransa qoşunları bu ölkədən qovulur. Digər tərəfdən Yeni Kolidoniyada və Dənizaşırı bölgələrdə Fransa müstəmləkəsinə qarşı mübarizə başlayıb. Makron rejimi burada yaşayan yerli xalqların haqlı etirazlarına qarşı ağır cinayətlər törədir. Təəssüflər olsun ki, dünya birliyi, eləcə də Avropa İttifaqı Fransanın bu cinayətlərinə göz yumur. Azərbaycan isə hər zaman müstəmləkəyə, zülmə məruz qalan dövlətlərə və xalqlara dəstək göstərir. Bir neçə gün bundan əvvəl Makron Azərbaycan dövlətinə qarşı əsassız ittihamlar irəli sürməyə başladı. Güya Azərbaycan Fransanın daxili işlərinə qarışır. Əslində isə Azərbaycan Fransanın neokolonist, müstəmləkəçi bir dövlət olduğunu dünyaya bəyan edir. Bu ölkəmizin nə qədər güclü və güdrətli bir dövlət olmasının sübutudur. Yaxın Şərqdə Ermənistanın ən yaxın müttəfiqi olan Suriya Prezidenti Bəşər Əsəd hakimiyyəti də süquta uğradı. Bununla da Ermənistan rəhbərliyi bir daha ağır duruma məhkum oldu. Bəşər Əsəd rejimi hər zaman Ermənistanın işğalçı siyasətini dəstəkləmişdir. Azərbaycana qarşı düşmən mövqeyi sərgiləyirdi. Ermənistanın yaxın dostları siyasi səhnədən silinməkdədir. Bu ölkənin varlığı və inkişafı qonşu dövlətlərlə, xüsusən Azərbaycan və Türkiyə ilə normal münasibət qurmaqdan keçir. Ölkə başçımız dünyada gedən siyasi proseslərə, gərgin geosiyasi duruma da, öz münasibətini bildirdi.
Bu gün hər bir azərbaycanlı fəxr edir ki, Azərbaycan adlı güclü və qüdrətli bir dövlətdə yaşayır və onun İlham Əliyev kimi lideri var. Prezidentimizin də qeyd etdiyi kimi onun arxasında xalq, xalqımızın arxasında Prezident dayanır.
Kamilə Əliyeva
BDU-nun kafedra müdiri, professor