azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin sədri Sahibə Qafarova ABŞ-yə səfəri çərçivəsində BMT-dəki Şərqi Avropa Qrupu ölkələrinin daimi nümayəndələri ilə görüşüb

09-09-2026

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində sentyabrın 8-də Birləşmiş Millətlər Təşkilatındakı (BMT) Şərqi Avropa Qrupu ölkələrinin daimi nümayəndələri ilə görüşüb.

Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, tədbirdə çıxış edən Milli Məclisin sədri beynəlxalq parlament diplomatiyasının əhəmiyyəti, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi və beynəlxalq parlament təşkilatlarında fəaliyyətin müxtəlif aspektləri barədə fikirlərini bildirib.

Milli Məclisin sədri müxtəlif beynəlxalq və regional parlament təşkilatlarının ölkələri bir araya gətirdiyini qeyd edərək, belə platformalarda işin səmərəli təşkili üçün bütün tərəflərin mövqelərinin dinlənilməsinin, ədalətli və şəffaf prosedurlara riayət olunmasının, eləcə də ümumi maraq doğuran məsələlər üzrə ortaq fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.

Sahibə Qafarova son illərdə Azərbaycanın beynəlxalq əməkdaşlığa və parlament diplomatiyasının inkişafına verdiyi töhfələrə toxunaraq, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə həyata keçirdiyi fəaliyyətdən, ölkəmizin irəli sürdüyü təşəbbüslərdən və əldə olunmuş mühüm nailiyyətlərdən söz açıb. O, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin ötən müddətdə mühüm beynəlxalq parlament platformasına çevrildiyini qeyd edib.

Spiker çıxışında BMT-nin parlamentlərarası beynəlxalq təşkilatlarla əməkdaşlığının rolunu, bu qarşılıqlı fəaliyyətin qlobal çağırışların həllinə və beynəlxalq qərarların milli səviyyədə həyata keçirilməsinə töhfə verə biləcəyini vurğulayıb. O, dünyanın ən böyük beynəlxalq parlament təşkilatı olan Parlamentlərarası İttifaqın fəaliyyəti, onun beynəlxalq və regional məsələlərdə rolunun gücləndirilməsinin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Görüşdə qlobal öhdəliklərin milli fəaliyyətə çevrilməsi, davamlı inkişaf, iqlim gündəliyi, habelə qlobal təhlükəsizlik, demoqrafik dəyişikliklər və miqrasiya məsələləri barədə fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930